Həftənin MÜKAFATI - Həftə-reytinq

13:48 22.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Premyer Liqasının 36-cı turunun “Qarabağ” – “Kəpəz” oyunundan (3:0) sonra mükafatlandırılma mərasimi keçirilib. “Azersun Arena”da olan mərasimdə əvvəlcə mövsümün qalibi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və komandanın oyunçuları Toral Bayramov, Musa Qurbanlı açıqlama veriblər. Daha sonra isə AFFA və PFL rəhbərliyi tərəfindən çempionluq kuboku və qızıl medallar təqdim edilib.

 

Həftənin QALİBİ

Avstriyanı təmsil edən JJ (Yohannes Piç) “Wasted Love” adlı mahnısı ilə 436 xal toplayıb və yarışmanın qalibi olub. Yarışda 26 ölkə mübarizə aparıb. İsrail 357 xalla ikinci, Estoniya isə 356 xalla üçüncü yeri tutub. Azərbaycan finalda ən yüksək 12 xalı İsrail təmsilçisinə verib.

 

Həftənin XƏBƏRDARLIĞI

“Suriya vətəndaş müharibəsinə yaxındır”. Bunu ABŞ Dövlət katibi Marko Rubio deyib. “Açıq deyim ki, bizim qiymətləndirməmizə əsasən üzləşdikləri çətinlikləri nəzərə alsaq, Suriyada keçid hakimiyyətin dağılmasına, tammiqyaslı vətəndaş müharibəsinə və buna əsasən də ölkənin parçalanmasına bir aydan da az vaxt-həftələr qalıb”.

 

Həftənin DƏVƏTİ

ABŞ Prezidenti Donald Tramp Papa XIV Leonu Ağ evə dəvət edib. Bu barədə Ağ Evin mətbuat katibi Karolayn Levitt brifinqdə bildirib. Trampın ilk amerikalı Papaya dəvəti bazar günü, XIV Leonun taxta çıxma mərasimi zamanı vitse-prezident Vens vasitəsilə məktubda çatdırılıb. “Vitse-prezident Papaya prezidentdən və birinci xanımdan ən səmimi arzularını çatdıran və onu Ağ Evə dəvət edən məktub verdi”, - Levitt qeyd edib.

 

Həftənin KURYOZU

Bakı sakini Mətləb Bədəlov 9 ədəd qaşıq udub. O, psixiatriya xəstəxanasında müalicə alırmış. Kişi elə qaşıqları orada olarkən udub. “Özünün və psixiatriya xəstəxanasının personalının dediyinə görə, hadisə axşam yeməyi əsnasında baş verib. Mətbəxdə qaşıqların yerində olmadığını görən personal şübhələnib. Şübhə yaranmasına səbəb isə xəstənin əvvəllər də bu kimi hərəkətlər etməsi olub” , - Mətləb Bədəlovu əməliyyat edən həkim bildirib.