Mixeil Kavelaşvili Gürcüstanın altıncı prezidenti olacaq. Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Hakim “Gürcü Arzusu” partiyasının namizədi 300 seçicidən 224 səs toplayıb. M.Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək. Qeyd edək ki, Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvili idi. O, 2018-ci ildən bu postda idi.
Həftənin ETİRAFI

“Bir neçə gündən sonra evliliyimizin 27-ci ildönümü olacaq, amma biz de-yure evli deyilik”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyan barədə deyib. “Biz nə dövlət qeydiyyatı, nə də dini baxımdan evliyik. Münasibətimiz ümumi övladlarımızla möhkəmlənir. Üstəlik, artıq neçə illərdir ki, Anna Akopyan faktiki olaraq Baş nazirin həyat yoldaşı kimi bəyannamə təqdim edir. Əslində, 27 ildir ailəliyik, amma evli deyilik”, - deyə o qeyd edib.
Həftənin TƏKLİFİ

“Bəli, “Sevilya”dan Olavio Juninyo ilə bağlı rəsmi təklif almışıq”. Bunu “Qafqazinfo”ya açıqlamasında “Qarabağ”ın direktoru Emrah Çelikel deyib. İspaniya təmsilçisinin Ağdam klubunun futbolçusuna elçi düşməsini şərh edən klub rəsmisi bildirib: “Juninyonun klubumuz üçün çox önəmli futbolçu olduğu hər kəsə məlumdur. Hazırda edilən təkliflə ümumiyyətlə, razılaşmırıq. Amma sevindirici haldır ki, “Sevilya” kimi məşhur klub “Qarabağ”ın futbolçusuna maraq göstərir və bunu edərkən bizə qarşı böyük ehtiram sərgiləyir”.
Həftənin OXŞARI

Kanadalı məşhur repçi Dreyk özünə bənzəyən qadın fanatına 10 min dollar hədiyyə edib. Kanadanın Toronto şəhərində Dreykə oxşarlarını tapmaq üçün müsabiqə təşkil edilib. Onlarla insanın qatıldığı yarışmada birinci yeri Makayla Çambers adlı qadın tutub. Məşhur reper Dreykin müsabiqənin baş mükafatı kimi 10 min dollar bağışlaması indiyədək keçirilən bütün yarışları kölgədə qoyub.
Həftənin HƏDİYYƏSİ

Türkiyənin super ulduzu Ajda Pekkana 1,5 milyon lirə (72 900 manat) dəyərində hədiyyə verilib. Adı açıqlanmayan gizli pərəstişkarı müğənniyə məşhur saat brendi “Rolex”in “Datejust” modelini bağışlayıb. Saat Pekkana pərəstişkarının yaxın dostu vasitəsilə çatdırılıb. Bildirilir ki, müğənni sürpriz hədiyyəyə çox sevinib.
Həftənin CƏRİMƏSİ

İrlandiya Məlumatların Qorunması Komissiyası “Meta”nı 251 milyon avro (təxminən 448 milyon manat) məbləğində cərimələyib. Bu, 2018-ci ilin sentyabrında şirkətə qarşı bildirilən “şəxsi məlumatların pozulması” ilə bağlı araşdırmaların yekun nəticəsidir. Qeyd edək ki, İrlandiya Məlumatların Qorunması Komissiyası Aİ-də fərdi məlumatlarla bağlı şəxslərin əsas hüquqlarını qorumağa cavabdeh olan müstəqil qurumdur.