Həftənin QONAĞI - Həftə-reytinq

13:50 15.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın yəhudiəsilli Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı oğlu ölkəmizdə səfərdə olub. Milli Qəhrəmanla eyni adı daşıyan Albert Aqarunov səfər çərçivəsində işğaldan azad olunan ərazilərə, eləcə də Şuşa şəhərinə yollanıb. Son bir neçə gündür Bakıda olan Aqarunovlar qəhrəmanın Şəhidlər xiyabanındakı məzarını ziyarət ediblər. Ailə bu həftəsonu İsrailə geri dönüb.

 

Həftənin GÜLMƏLİSİ

Qırmızı Meydandakı paraddan əvvəl Rusiya Prezidenti Vladimir Putin Kremldə Qələbənin 80-ci ildönümünü qeyd etmək üçün qonaq qismində dəvət olunmuş xarici ölkə liderləri ilə görüşüb. Bu zaman Ermənistanın Baş naziri Nikol Paşinyan diqqət çəkib. O, Putindən görüşəndən sonra harada duracağını bilməyib, Rusiya Prezidenti ona yerini göstərib.

 

Həftənin QADAĞASI

78-ci dəfə keçirilən “Kann” Film Festivalına yeni qadağalar tətbiq edilib. Bu il festivalda açıq-saçıq geyimlərə, transparan libaslara, zalda narahatlıq yaradan paltarlara icazə verilməyəcək. Həmçinin idman ayaqqabısı ilə festival tədbirlərinə qatılmaq qadağan edilib. Bu qaydalara əməl etməyən ulduzların qırmızı xalçaya girişi məhdudlaşdırılacaq.

 

Həftənin İLKİ

Braziliya millisində 1965-ci ildən sonra ilk reallaşacaq. Yığmanın “sükanı arxası”na gətirilən italiyalı Karlo Ançelotti 60 ildən sonra “sambaçılar”ı çalışdıracaq ilk əcnəbi mütəxəssis olacaq. Sonuncu dəfə milliyə əcnəbilərdən argentinalı Filpo Nunyes rəhbərlik edib. Qeyd edək ki, 65 yaşlı baş məşqçi Braziliyanı 2026-cı il dünya çempionatına hazırlayacaq.

 

Həftənin GÖRÜŞÜ

ABŞ Prezidenti Donald Tramp bu gün ər-Riyadda Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa ilə görüşündə onu İsraillə münasibətlərin normallaşdırılmasına çağırıb. Bu barədə məlumatı Ağ Evin mətbuat katibi Kerolayn Livitt “X” hesabında paylaşıb. Bununla yanaşı, Tramp İŞİD terror qruplaşmasının dirçəlməsinə yol verməməyə dair çağırış edib.

 

Həftənin İDDİASI

“Rusiya Prezidenti Vladimir Putin mənimlə birbaşa danışıqlar aparmaqdan qorxur”. Bunu Ukrayna lideri Volodimir Zelenski brifinq zamanı deyib. Ukrayna dövlət başçısı xatırladıb ki, martın 11-də rəsmi Kiyev ABŞ-nin Səudiyyə Ərəbistanında keçirilmiş görüşdə qeyd-şərtsiz atəşkəslə bağlı təklifini tam dəstəkləyib.