Həftənin SATQINI - Həftə-reytinq

12:42 22.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“İrəvan Ukrayna məsələsində Moskvanın müttəfiqi deyil”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyada erməni diasporunun nümayəndələri ilə görüşündə deyib.  “Mən çoxdan deyirəm ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. Bu bizim səmimi mövqeyimizdir. Bu vəziyyətə təsir edə bilməməyimiz bizim üçün çox ağrılıdır. Ukrayna xalqı bizim üçün dost xalqdır”, – Paşinyan qeyd edib.

 

Həftənin HƏDİYYƏSİ

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina yerli istehsal olan avtomobil hədiyyə edib.  Bu barədə məlumatı Koreyanın Mərkəzi Teleqraf Agentliyi yayıb. Məlumatda Putinin Şimali Koreya liderinə məhz hansı avtomobili hədiyyə etməsi açıqlanmasa da, hədiyyənin fevralın 18-i Kim Çen Inın bacısı Kim Yo Çjona təqdim edildiyi qeyd olunub. Kremlin rəsmi sözçüsü Dmitri Peskov sözlərinə görə, Putin Kim Çen Ina “Aurus” markalı avtomobil bağışlayıb. Məsələ ilə bağlı digər detallar açıqlanmayıb.

 

Həftənin ARZUOLUNMAZI

İsrailin xarici işlər naziri İsrael Kaç Braziliya Prezidenti Lula da Silvanı “persona non grata” (“arzuolunmaz şəxs”) elan edib. İ.Kaç bununla bağlı məlumatı öz “X” hesabında paylaşıb.  Məlumata görə, buna səbəb Braziliya liderinin Qəzza zolağındakı müharibəni Holokostla müqayisə etməsi olub.  Qeyd edək ki, fevralın 18-i Lula da Silva bildirib ki, Qəzza zolağında baş verənlər soyqırımıdır və o bu hadisələri Adolf Hitlerin yəhudilərə qarşı törətdiyi əməllərlə müqayisə edib.

 

Həftənin GƏLİNİ

Türkiyəli müğənni Ebru Gündeşin dördüncü dəfə ailə həyatı quracağı iddia olunur. Sənətçi iş adamı Murad Özdemirlə eşq yaşamağa başlayıb. Belə ki, 2022-ci ilin iyulunda Selin Özdemirdən boşanan Murat Özdemirin 2023-cü ilin sonlarına doğru Ebru Gündeşlə görüşməyə başladığı məlum olub. Cütlüyün tezliklə evlənməyə hazırlaşdığı bildirilir. Qeyd edək ki, Özdemirin ilk həyat yoldaşından 2, ikinci yoldaşından isə 1 övladı var.

 

Həftənin ÜZRÜ

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola futbolçu Kalvin Fillipsdən  üzr istəyib. “Qafqazinfo” xəbər verir ki, buna səbəb baş məşqçinin 2 il öncə futbolçuya məşq etmək üçün uyğun çəkidə olmadığını deməsidir. P. Qvardiola jurnalistlərə açıqlamasında yarımmüdafiəçi ilə əvvəlcədən bu barədə danışdığını bildirib: “Mən ondan üzr istəyirəm. Şərh verməzdən əvvəl onunla danışmışam. Burada bir şey deməzdən əvvəl komanda və oyunçularla müzakirələr edirəm”.

 

Həftənin ATASI

Bakıda kişinin azyaşlıya qarşı zorakılıq etməsini əks etdirən görüntülər yayılıb. Videoda onun balaca qıza qarşı kobud davranması, saçını dartması və başına güclü zərbələr vurması görünür. Bundan qorxan uşaq ağladığı zaman isə kişi azyaşlıya bunu belə irad tutur. DİN-in Mətbuat xidmətinin əməkdaşı polis mayoru Anar Qafarov bildirib ki, sözügedən görüntülər araşdırılıb. Onun sözlərinə görə, azyaşlıya qarşı zorakılıq edən Bakı sakini Elnur Məmmədov barəsində cinayət işi başlanılıb.

Oxunma sayı 237