Həftənin SƏHVİ - Həftə-reytinq

18:09 27.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“1994-cü ildən, yəni atəşkəsdən sonra danışıqlar prosesi yalnız Qarabağın Azərbaycanın tərkibinə qaytarılması haqqında olub və danışıqlar prosesində başqa heç bir məzmun olmayıb”. Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Bu kontekstdə mən çox böyük səhv etdim. 2018-ci ildə danışıqların məzmunu ilə tanış olduqdan sonra yuxarıda qeyd edilənlərlə bağlı xalqa açıqlama vermədim”, - deyə Paşinyan bildirib.

 

Həftənin ƏN BAHALISI

Türkiyə Super Liqasında çıxış edən ən bahalı futbolçuların adları açıqlanıb. Siyahıya 75 milyon avro ilə “Qalatasaray”ın nigeriyalı ulduzu Viktor Osimhen başçılıq edir: Viktor Osimhen - 75 milyon avro (“Qalatasaray”), Qabriel Sara - 23 milyon avro (“Qalatasaray”), Sofyan Amrabat -22 milyon avro (“Fənərbaxça”), Barış Alper Yılmaz - 20 milyon avro (“Qalatasaray"), Davinson Sançez - 19 milyon avro (“Qalatasaray”)

 

Həftənin KURYOZU

Parisdə Eyfel qülləsinin personalı və turistlər təxliyə edilib. Buna səbəb qüllədə yanğın əleyhinə siqnalizasiya sisteminin işə düşməsi olub. Bildirilib ki, siqnalizasiya liftlərin elektrik naqillərində yaranan qısaqapanmaya görə işə düşüb. Hazırda insidentin detalları araşdırılır. Qüllənin gün ərzində yenidən turistlər üçün açılacağı gözlənilir.

 

Həftənin XƏSTƏSİ

ABŞ-nin keçmiş prezidenti Bill Klinton xəstəxanaya yerləşdirilib. Bu barədə NBC televiziyasına keçmiş dövlət başçısının köməkçisi bildirib. Məlumata görə, o, yüksək hərarətə görə Vaşinqtondakı xəstəxanaya aparılıb və hazırda orada müayinə olunur. Qeyd edək ki, Bill Klinton ABŞ-nin 42-ci prezidenti olub və 1993-2001-ci illərdə ölkəyə rəhbərlik edib. O, Respublikaçılar Partiyasından olan namizəd Corc Buşu (ata) üstələmişdi.

 

Həftənin HƏDƏSİ

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin hakim “Gürcü Arzusu” partiyasını dekabrın 29-dək yeni parlament seçkilərini elan edilməyəcəyi təqdirdə, “rejimin çöküşü” ilə hədələyib. “Rejimin süqutu dialoqa, kompromislərə və güzəştlərə alternativdir. Güzəştlər lazımdır, bəzi şeyləri qəbul etmək lazımdır. Əks halda, rejim yıxılacaq”, - Zurabişvili bildirib.

 

Həftənin PULU

Ukrayna hakimiyyəti  ABŞ-dən Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə təmin edilmiş 1 milyard dollar alıb. Bu barədə ölkənin Baş naziri Denis Şmıqal öz teleqram kanalında məlumat verib. O, bildirib ki, söhbət ABŞ-nin səlahiyyətli orqanları tərəfindən təsdiq edilmiş ümumi məbləği 20 milyard dollar olan kreditin birinci tranşından gedir. ABŞ Maliyyə Nazirliyinin rəhbərliyi bunu dekabrın birinci yarısında təsdiqləyib.