Həftənin TƏLTİFİ - Həftə-reytinq

11:19 16.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mir Şahin Ağayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mir Şahin Mirdilavər oğlu Ağayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Qeyd edək ki, sabah M.Ağayevin 60 illik yubileyidir.

 

Həftənin NAMİZƏDLƏRİ

“Altın Kelebek” mükafatlarına Azərbaycandan namizəd göstərilənlərin kimliyi bəlli olub. Bununla bağlı “Pantene Azərbaycan” instaqram hesabında paylaşım edilib. "Ulduzu parlayanlar" kateqoriyasında namizədlər "Avroviziya" təmsilçilərimizdən olan Samirə Əfəndi, aparıcı Kəmalə Piriyeva və bloger Nəcibə Əhmədi olub.

 

Həftənin İLKİ

Türkiyənin “Kim Milyoner Olmak İster?” verilişində maraqlı anlar yaşanıb. Yeni mövsüm başlayandan bəri ilk dəfə Eyüp İşler adlı iştirakçı 5 milyon TL (297 327 AZN) dəyəri olan sualı açdırıb. Lakin o, suala doğru cavab verə bilməyib. E. İşler yarışmanı 50 000 TL (2 973 AZN) ilə tərk edib.

 

Həftənin PREZİDENTİ

Gürcüstanın hakim partiyası olan “Gürcü arzusu” Salome Zurabişvilini prezident adlandırmamaq qərarına gəlib. “Zurabişvilinin deputatlar və onu seçən çoxluq tərəfindən legitimliyi yoxdur. Ona görə də biz onu prezident deyil, sadəcə olaraq Salome Zurabişvili və ya müxalifət siyasətçisi adlandıracağıq”,- deyə "Gürcü Arzusu" vurğulayıb.

 

Həftənin YUBİLYARI

Noyabrın 14-də Böyük Britaniyanın kralı III Çarlzın 75 yaşı tamam olur. Kral ad gününü həyat yoldaşı kraliça Kamilla və ailə üzvləri ilə birlikdə keçirib. Həmçinin, kral ad günündə müxtəlif xeyriyyə tədbirlərində də iştirak edib.

 

Həftənin BACILARI

Külli miqdarda dələduzluqda ittiham olunan Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda prokuror Rauf Malışov ittiham nitqi ilə çıxış edib. Prokuror bacıların verilmiş ittihamla təqsirli bilinmələrini, A.Əliyevanın 9 il, İ.Turkutun 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Çıxışda qeyd edilib ki, İ.Turkut barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalında həbs edilməlidir.