Həftənin TƏLTİFİ - Həftə-reytinq

11:47 20.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla o, Azərbaycanla Fələstin arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə bu mükafata layiq görülüb. 

 

Həftənin QƏRARI

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb. Qərara əsasən, karantin rejiminin müddəti aprelin 1-dən iyulun 1-dək uzadılıb. Qeyd edək ki, sonuncu dəfə xüsusi karantin rejimi 1 aprel 2025-ci ilədək uzadılmışdı.

 

Həftənin KARI

Rusiyalı müğənni Dima Bilan çəkilişlərə görə bir qulağının kar olduğunu açıqlayıb. Sənətçi “Acı yağış” mahnısına çəkilmiş klipin təqdimatı zamanı çəkilişlərin çətin keçdiyini və hələ də bir qulağının təxminən 90%-nin eşitmədiyini bildirib. O, bu səbəbdən bir müddət xaricə getməsinə icazə verilməməsindən də şikayətlənib.

 

Həftənin İLKİ

“Barselona” və İspaniya yığmasının futbolçusu Lamin Yamal millisinin tarixində ilkə imza atıb. 17 yaşlı vinger sözügedən millinin tarixində Ramazan ayında oruc tutan ilk futbolçu olub. Yamal Barselona əyalətində anadan olsa da, onun atası Mərakeşdən, anası isə Ekvoterial Qvineyadandır. 

 

Həftənin QADAĞASI

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı Qəndəhar əyalətində qadınlara radioda səsləndirməni qadağan ediblər. Bu barədə Əfqanıstan Jurnalistlər Mərkəzi (AFJC) hakimiyyət orqanlarının bəyanatına əsasən məlumat yayıb. “Radioda qadınlara səsləndirmə qəti şəkildə qadağandır, həmçinin əyləncə proqramları zamanı qadınların müraciətlərinin yayımlanması da qadağandır”, - məlumatda bildirilib.

 

Həftənin ƏMƏLİYYATI

Çində bir qrup alim pasiyentə geniş dəyişdirilmiş donuz böyrəyi köçürüb. 69 yaşlı həmin qadın pasiyent terminal mərhələdə böyrək çatışmazlığından əziyyət çəkib. Məlumata görə, qadına həmin diaqnoz 8 il əvvəl qoyulsa da, ona uyğun donor tapmaq mümkün olmayıb. Martın 6-da isə həkimlər ona donuz böyrəyinin köçürülməsi üzrə əməliyyatı uğurla icra edib.