Həftənin TƏLTİFİ - Həftə-reytinq

10:49 03.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Moskvadakı keçmiş səfiri Polad Bülbüloğlunu “Aleksandr Nevski” ordeni ilə təltif edib. Putin bununla bağlı Fərman imzalayıb. Bildirilib ki, Polad Bülbüloğlu Rusiya və Azərbaycan arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsində xidmətlərinə görə sözügedən ordenlə təltif edilib.

 

Həftənin TƏQDİMATI

Türkiyənin “Kuruluş Osman” serialı 6-cı mövsümdə də davam edəcək. Yeni mövsümdən ilk görüntüləri qardaş ölkənin ATV telekanalı yayımlayıb. Serialın yeni bölümlərinin tezliklə tamaşaçılara təqdim olunacağı bildirilib. Maraqlıdır ki, fraqmanın fonunda Azərbaycanın “Yaşa, mənim xalqım” mahnısı səsləndirilib.

 

Həftənin "SAXTAKARI"

Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının Baş katibi, Tbilisinin meri Kaxa Kaladze ölkə Prezidenti Salome Zurabişvilini “saxtakar” və “ölkə Konstitusiyasını pozan birinci şəxs” adlandırıb. Kaladze bu barədə Zurabişvilinin Almaniyaya planlaşdırılan səfərinə münasibət bildirərkən danışıb. “Konstitusiyanı pozan birinci şəxsin səfərini necə qiymətləndirmək olar. Əksinə olmalıdır, o, Konstitusiyanı müdafiə edən birinci şəxs olmalıdır”, - deyə Kaladze qeyd edib.

 

Həftənin GÖRÜŞÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda “Türk Evi”ndə Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib. Görüşdə ölkələrin münasibətlərində normallaşma, Ermənistanla Azərbaycan arasında sülh prosesləri müzakirə edilib. Ərdoğan Türkiyənin yeni dövrdə Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasına və iki ölkə arasında möhkəm dostluğun qurulmasına tərəfdar olduğunu və bunun üçün səylərin davam etdiyini bildirib.

 

Həftənin QİYMƏTLİSİ

“Transfermarkt” portalı İngiltərə Premyer Liqasının bəzi oyunçularının qiymətini yeniləyib. “Mançester Siti”nin hücumçusu Erlinq Haaland 180 milyon avrodan 200 milyona yüksəlib. O, transfer dəyərinə görə zirvədə qərarlaşıb. Daha öncə açıqlanan siyahıda norveçli ilk pilləni “Real Madrid”in futbolçuları Vinisius Junior, Cud Bellingem və Kilian Mbappe ilə bölüşürdü. Lakin onların qiymətlərində heç bir dəyişiklik baş verməyib. Qeyd edək ki, Erlinq 200 milyona çatan ikinci oyunçu olub. İlk dəfə 2018-ci ildə Mbappe bunu bacarmışdı.

 

Həftənin BAŞ NAZİRİ

Yaponiyada hakim Liberal-Demokratik Partiyasının sədri Siqeru İsiba ölkənin yeni Baş naziri seçilib. Yaponiya parlamentində keçirilən səsvermə zamanı deputatların əksəriyyəti İsibanın lehinə səs verib. Bununla da, o, ölkəsinin sayca 102-ci baş naziri olub. 67 yaşlı siyasətçi yaxın saatlarda hökuməti formalaşdıracaq. Xatırladaq ki, o bu vəzifədə Fumio Kisidanı əvəz edib.