Həftənin TƏYİNİ - Həftə-reytinq

15:15 24.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəki Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib. RİH başçısı Elxan Usubovun əmri ilə Xəyalə Töhrab qızı Töhrablı başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib. Qeyd edək ki, 1986-cı il təvəllüdlü X. Töhrablı bu təyinatadək Şəki Şəhər Uşaq İncəsənət Məktəbində Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb, ixtisasca musiqi müəllimidir.

 

Həftənin VƏSİYYƏTİ

Roma Papası Fransiskin dəfni ilə bağlı vəsiyyəti açıqlanıb. Papa Romadakı Santa Maria Maggiore bazilikində sadə bir məzarda dəfn edilməsini istəyib. “Qəbrimin əlavə planda göstərildiyi kimi, Pauline kapellası ilə Sforza kapellası arasındakı bazilikin yan dəhlizində  hazırlanmasını xahiş edirəm. Məzar torpaqda, sadə, heç bir xüsusi bəzək olmadan, yalnız bir yazı ilə olmalıdır: Fransisk”, - vəsiyyətdə qeyd olunub.

 

Həftənin SUALI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan siyasi ambisiyalarının olmadığını bildirib. Jurnalistin “Nə vaxtsa Türkiyə lideri olmaq ehtimalını nəzərdən keçirmisinizmi? Bu xüsusda hansısa siyasi ambisiyalarınız varmı?” sualına B.Ərdoğan belə cavab verib: “Siyasi ambisiyalarım yoxdur. Bu barədə mənə tez-tez sual ünvanlayırlar, lakin qeyri-hökumət sektorunda qalmaq, vətəndaş cəmiyyəti ilə işləmək istəyirəm”.

 

Həftənin ƏN GÖZƏLİ

Nüfuzlu “People” jurnalı dünyanın ən gözəl insanının adını açıqlayıb. Nəşrin dərc etdiyi “Dünyanın ən gözəl insan” reytinqində Hollivud aktrisası Demi Mur birinci olub. Jurnal 62 yaşlı Demi Muru planetin ən gözəl insanı elan etməklə kifayətlənməyib, həm də onunla gözəllik və aktyorluq karyerası haqqında söhbət aparıb.

 

Həftənin MÜKAFATI

Norveç çempionatında mübarizə aparan “Bryüne” klubu futbolçusu Aksel Krüqerə qeyri-adi mükafat verib. Ötən gün “Höqesunn”a 3:1 hesabı ilə qalib gəldikləri matçın ən yaxşısı olan müdafiəçi quzu ilə mükafatlandırılıb. Qeyd edək ki, “Bryüne” klubunun atdığı ilk belə addım deyil. Onlar daha əvvəl matçın ən yaxşılarına süd və yumurta vermişdilər. 

 

Həftənin HƏDİYYƏSİ

Rusiya Prezidenti Vladimir Putinin mart ayında amerikalı həmkarı Donald Trampa hədiyyə etdiyi portretin görüntüsü yayılıb. Bu barədə CNN məlumat yayıb. Bildirilib ki, portretin müəllifi rəssam Nikas Safronovdur. O, Trampın sui-qəsd zamanı çəkilən fotosunu Amerika bayrağının və Azadlıq Heykəlinin fonunda təsvir edib.