Həftənin TƏYİNATI - Həftə-reytinq

13:16 31.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Xanlar Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinə yeni sədr təyin edilib. Xanlar Ağalarov 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) magistr təhsili alıb. X. Ağalarov bu təyinatına qədər Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsini icra edirdi. Bundan öncə isə Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbələrində müxtəlif vəzifələrdə çalışıb.

 

Həftənin NAMİZƏDİ

Rusiyanın Mərkəzi Seçki Komissiyası Vladimir Putini prezident seçkilərində namizəd kimi qeydə alıb. Bu barədə məlumatı Rusiya MSK-nın sədri Ella Pamfilova açıqlayıb. Onun sözlərinə görə, komissiya bu barədə qərarı yekdilliklə qəbul edib. Qeyd edək ki, V.Putin seçkilərdə namizədliyi qeydə alınan 4-cü namizəddir. Bundan əvvəl Leonid Slutski, Vladislav Davankov və Nikolay Xaritanovun namizədliyi qeydə alınıb.

 

Həftənin BƏDBİNİ

“Müharibə davam edir və getdikcə daha da pisləşir. Biz Ukrayna tunelinin sonunda işıq görmürük”. Bu sözləri Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel deyib. O, xatırladıb ki, Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi hərtərəfli sanksiyalar paketi Rusiyanı yalnız zəiflədə bilər, amma onu məhv etməyə qadir deyil.

 

Həftənin İSTEFASI

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verib. Qaribaşvili bu barədə məlumatı keçirdiyi xüsusi brifinqdə açıqlayıb. Gələcək planlarından danışan Qaribaşvili bildirib ki, ölkənin hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının sədri vəzifəsini icra etmək barədə təklifi qəbul edib.  Xatırladaq ki, “İmedi” telekanalı “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidzenin namizədliyinin Baş nazir postuna irəli sürüləcəyi barədə məlumat yaymışdı. Bildirilirdi ki, İ.Qaribaşvili isə partiyanın sədri vəzifəsinə təyin ediləcək.

 

Həftənin ATASI

Amerikalı aktyor, ssenarist və prodüser Robert De Niro doqquzaylıq qızı Gia Virciniya Çen-De Niro haqda danışıb. Onun müsahibəsindən bir hissəni “Aarp” nəşri yazıb. Nəşrin məlumatına görə, 80 yaşlı sənətçi göz yaşlarına boğulub və yeddinci övladının böyüməsinin əsas mərhələlərini görə bilməyəcəyindən narahatlığını bölüşüb. De Niro müsahibəsində atalıqdan həzz aldığını da deyib.

 

Həftənin DAVASI

Yunanıstanın “Panationaikos” klubunun türkiyəli məşqçisi Fatih Terimlə PAOK-un çalışdırıcısı Razvan Luçesku arasında gərginlik yaşanıb. Hadisə ölkə çempionatının 20-ci turunda keçirilən qarşılaşmada baş verib. Belə ki, matçın 56-cı dəqiqəsində PAOK hesabı 2:1 öz xeyrinə dəyişərkən komandaların ehtiyat oyunçuları və baş məşqçiləri arasında qarşıdurma yaranıb. Polis müdaxilə edərək tərəfləri səkitləşdirib.

Oxunma sayı 175