Həftənin TƏYİNATI - Həftə-reytinq

22:36 13.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib. Dövlət başçısının Sərəncamı ilə Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.  55 yaşlı Adil Əliyev parlamentin III, IV, V və VI çağırış deputatı və sonuncu çağırış Milli Məclisin sədr müavini olub. O, eyni zamanda Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir. 

 

Həftənin QƏLƏBƏSİ

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol milli komandamız Ermənistana qalib gəlib. Evren Alkayanın baş məşqçisi olduğu yığmamız rəqibini 86:59 hesablı məğlubiyyətə uğradıb.  Qeyd edək ki, milli növbəti oyununu iyulun 11-də Kipr kollektivinə qarşı keçirəcək.

 

Həftənin AÇIQLAMASI

Əməkdar artist Rafael İsgəndərov plastik əməliyyatlarla bağlı dediyi sözlərlə diqqət çəkib.  Aktyor bu barədə “Şən gənc” verilişində danışıb. Belə ki, proqram zamanı ona ünvanlanan “Sənət üçün plastik əməliyyat etdirərdinizmi?” sualına “Plastik əməliyyat günahdır”, - deyərək cavab verib. “İnsan uşaq vaxtı yıxılıb, burnu qırılıb, çəpər əyriliyi var, bu səbəbdən olarsa, başqa məsələ. Amma Allahın verdiyini dəyişdirəsən... Bu, düzgün deyil”, - Rafael İsgəndərov bildirib.

 

Həftənin ÜZRÜ

Slovakiyanın Baş naziri Robert Fitso vəzifəsinə qayıdıb. Hökumət başçısı bu barədə “X”də paylaşım edib. “Əziz mütərəqqi liberal media və müxalifət, sağ qaldığım üçün üzr istəyirəm, amma mən qayıtdım”, - Fitso qeyd edib. Xatırladaq ki, nazirə mayın 15-də silahlı hücum olunub. Bunun ardınca Fitso aylarla müalicəsini davam etdirib, iki dəfə əməliyyat olunub.

 

Həftənin ƏN YAXŞISI

Avro-2024-ün yarımfinalında keçirilən İspaniya - Fransa matçının (2:1) ən yaxşı futbolçusu bəlli olub. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, İspaniya millisinin 16 yaşlı hücumçusu Lamin Yamal oyunun ən yaxşısı adına layiq görülüb. O, 90+4-cü dəqiqədə əvəzlənərək 21-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub.

 

Həftənin HESABI

Dünyanın ən varlı iş adamı, “Amazon”un sahibi Ceff Bezos nişanlısı ilə tətilə çıxıb.  Cütlük əvvəlcə Yunanıstanda istirahət edib, daha sonra 500 milyon dollar dəyərində “Koru” adlı lüks yaxtaları ilə Göcek və Bodrumda lövbər salıb. Bezos və nişanlısı ötən axşam Aralıq dənizi və Fransız mətbəxi yeməkləri təqdim edən lüks restoranda yaxın dostları ilə şam yeməyi yeyib. İş adamı gecənin sonunda restorana təxminən 100 min avro hesab (təxminən 184 110 manat) ödəyib.