Hərbi Prokurorluqda yeni təyinat olub. Ədliyyə müşaviri Samir Sərdar oğlu Əzimzadə Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi təyin edilib. Baş prokuror Kamran Əliyev bununla bağlı əmr imzalayıb. Qeyd edək ki, iyulun 15-də də Respublika Hərbi Prokurorluğunda kadr dəyişikliyi olub. Baş prokuror Kamran Əliyevin əmri ilə, Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev vəzifəsindən azad edilərək, digər əmr ilə Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru vəzifəsinə təyin edilib.
Həftənin XƏSTƏSİ

Hollivud aktyoru Bryus Uillisin səhhəti daha da pisləşib. O, demensiya səbəbindən gəzə və danışa bilmir. Məlumata görə, 70 yaşlı Uillis nə oxuya, nə yaxınları ilə ünsiyyət qura, nə də gəzə bilir. Nəşr qeyd edir ki, aprel ayında aktyorun yaxınları Uillisin vəziyyətinin stabil olduğunu bildirmişdilər və o vaxtdan bəri aktyorun səhhətində pisləşmə barədə rəsmi açıqlama verməyiblər.
Həftənin AYRILIĞI

Aktyor Burak Özçivit “Kuruluş Osman” serialından ayrılıb. O, sosial şəbəkədə bununla bağlı paylaşım edib: “Vidalaşmaq böyük bir mərifətdir. 6 illik ehtirasın və əməyi üzərindən fərqli təəssürat yaratmağa çalışanlara baxmayaraq, izləyicilərimizə təşəkkür edərək vidalaşmaq istəyirəm. Yeni hekayələrdə görüşmək ümidi ilə!”
Həftənin ƏN YAXŞISI

“İnter Mayami”nin hücumçusu və kapitanı Lionel Messi hazırkı MLS mövsümündə 5-ci dəfə ən yaxşı futbolçusu adına layiq görülüb. 38 yaşlı argentinalı futbolçu 19 iyul tarixində “Nyu-York Red Bullz”la görüşdə (5:1) dubl edib və iki qolun ötürməsi verib. Bu, Messinin son 7 oyunda altıncı dublu olub. Messi hazırda 18 matçda 18 qolla MLS-in bombardirlər siyahısına başçılıq edir.
Həftənin BOŞANMASI

Ermənistan parlamentinin spikeri Alen Simonyan həyat yoldaşı Mariam Marqaryandan boşanıb. Qeyd olunub ki, qərar tərəflərin qarşılıqlı razılığı əsasında qəbul edilib. Simonyan özü də nəşrə boşanma faktını təsdiqləyib və baş verənlərdən təəssüfləndiyini qeyd edib. Həmçinin Ermənistan KİV-də yayılan xəbərə görə, Alen Simonyan hazırda yaxın dostunun qızı, 25 yaşlı model Anelya Qubryanla münasibətdədir.
Həftənin XƏBƏRDARLIĞI

“İrana qarşı müharibə hələ bitməyib”. Bunu İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Eyal Zamir bildirib. “İran və onun təsir dairəsində olan qüvvələr hələ də hədəfimizdədir. İrana qarşı kampaniya hələ yekunlaşmayıb”, - o qeyd edib. E. Zamir, həmçinin Qəzza zolağında aparılan müharibənin İsrail Müdafiə Ordusunun qarşılaşdığı ən çətin əməliyyatlardan biri olduğunu vurğulayıb.