Prezident İlham Əliyev Elçin Əmirbəyovla bağlı Sərəncam imzalayıb. Sərəncamla Elçin Oktyabr oğlu Əmirbəyov Birinci vitse-prezidentin köməkçisi vəzifəsindən azad edilib. Dövlət başçısının digər Sərəncamı ilə E. Əmirbəyov Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib. Xatırladaq ki, E. Əmirbəyov 2017-ci il iyunun 24-də Birinci vitse-prezidentin köməkçisi təyin edilmişdi.
Həftənin İŞSİZİ
İyulun 17-si Əhəd Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Ə.Abıyevin işdən çıxarılmasından bir neçə saat sonra, sosial mediada ona məxsus olduğu iddia edilən çoxsaylı əmlakları barədə məlumatlar yayılıb və ünvanlar qeyd edilməklə siyahı təqdim edilib. Əhəd Abıyev isə gununsesi.info-ya müsahibəsində çoxsaylı əmlaklarının mövcud olması ilə bağlı məlumatları inkar edib. O, ümumiyyətlə, hər hansı bir obyektinin olmadığını deyib. Xatırladaq ki, Əhəd Abıyev 2011-2023-cü illərdə Daşkəsən RİH başçısı vəzifəsini icra edib.
Həftənin İTKİNİ
Çinin xarici işlər naziri Vanq Yi uzun müddətdir ictimaiyyət arasında görünmür. 57 yaşlı nazir sonuncu dəfə iyunun 25-də görünüb. Artıq 23 gündür "itkin" olan nazirin sözçüsü də bu barədə danışmaqdan imtina edib. Qeyd edək ki, Vanq Yi ötən ilin dekabrında bu vəzifəyə təyin edilib.
Həftənin TƏNQİDİ
Aparıcı, aktyor Sərxan Kərəmoğlu pul qazanan qadınları tənqid edib. O, bu barədə “Bizimləsən” verilişində danışıb. “O ailəyə ki, qadın qazancı girdi, həmin ailənin taleyi bitdi. Qadın kişinin ömrünə elə oturacaq ki... Hələ qadının qazancı kişininkindən çox olsa, hər zaman işin içindən düz çıxacaq. Qadın evə pul gətirdisə, kişinin evi yıxıldı”.
Həftənin HACI XANIMI
Tanınmış türkiyəli jurnalist Fulya Öztürk Məkkəyə gedib. O, bu barədə öz sosial şəbəkə hesablarında paylaşım edib. Öztürk Məkkədə çəkilmiş fotosuna “Rəbbim mənə də nəsib etdi. Məkkə bu an...” sözlərini yazıb. Qeyd edək ki, Fulya Öztürk Türkiyədə xəbər aparıcısı kimi tanınır. O, həmçinin Azərbaycanda Vətən müharibəsi zamanı Ermənistanın mülki insanlara qarşı törətdiyi qətliamların işıqlandırılmasında yaxından iştirak edib.
Həftənin TƏLƏBƏSİ
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu magistraturaya qəbul olunub. Bu haqda sənətçi sosial şəbəkədə məlumat yayıb: “Şükürlər olsun ki, mən də magistraturaya qəbul olundum. Heç inanmazdım ki, 39 yaşında Azərbaycan Milli Konservatoriyasının magistr tələbəsi olacağam. Ali savadlı musiqiçi olmaq gözəldir”, – deyə musiqiçi yazıb.