Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir. Qeyd edək ki, 50 yaşlı F.Nağıyev 2018-ci ildən Dövlət Turizm Agentliyinin sədridir.
Həftənin HƏDİYYƏSİ

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Toral Bayramov həyat yoldaşı Nəzrin Bayramovaya hədiyyə avtomobil alıb. Futbolçunun xanımı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, cütlük 2021-ci ildə evlənib. Onların Havin adlı bir qızı var və hazırda ikinci övladlarının dünyaya gəlməsini gözləyirlər.
Həftənin DİREKTORU

Bakı şəhəri 231 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı davranışı və səsyazısı ilə bağlı araşdırma aparılıb. Xatırladaq ki, Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səs yazısı yayılıb. Direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedaqoji heyəti təhqir edib. O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil”, – deyə irad bildirib.
Həftənin HƏDƏSİ

ABŞ Prezidenti Donald Tramp Ottavanın cavab tədbirləri görəcəyi təqdirdə ABŞ-nin Kanadaya tarifləri artıracağını bildirib. Ağ evin rəhbəri bu barədə “Truth” sosial şəbəkə hesabında paylaşım edib. “Zəhmət olmasa Kanadanın Baş naziri Trüdoya izah edin ki, o, ABŞ-yə cavab rüsumunu tətbiq edəndə bizim cavab tarifimiz dərhal eyni məbləğdə artacaq”, - Tramp qeyd edib.
Həftənin QAZANANLARI

Hollivud ulduzları təkcə rol aldığı filmlər və rolları ilə deyil, qazancları ilə də daim gündəmdədir. “Forbes” jurnalı 2024-cü ilin ən çox qazanan aktyorlarını açıqlayıb. Keçən il birinci olan Adam Sandler bu il siyahıda geriləyib: 1. Dveyn Conson - 88 milyon dolar. 2. Rayan Reynolds - 85 milyon dollar. 3. Kevin Hart - 81 milyon dollar. 4. Cerri Saynfeld - 60 milyon dollar. 5. Huq Cekman - 50 milyon dollar. 6. Bred Pitt - 32 milyon dollar. 7. Corc Kluni - 31 milyon dollar. 8. Nikol Kidman - 31 milyon dollar. 9. Adam Sandler - 26 milyon dollar. 10. Uill Smit - 26 milyon dollar.
Həftənin İTTİHAMI

Türkiyənin İstanbul şəhərində qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində iş adamı Acun Ilıcalı və bir sıra digər şəxslər haqqında ittiham aktı hazırlanıb. İttiham aktında TV 8 və “Exxen” platformalarında yayımlanan futbol matçları zamanı qanunsuz mərc saytlarının reklam edildiyi iddia olunur. İstanbul Cümhuriyyət Prokurorluğu bu iddia əsasında A.Ilıcalı da daxil olmaqla, şübhəlilərin 1 ildən 3 ilə qədər həbs edilməsini tələb edib.