Həftənin VİDASI - Həftə-reytinq

14:11 18.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniya millisinin əfsanəvi futbolçuları Manuel Noyer, Tomas Müller və İlkay Gündoğan yığmadakı karyeralarını başa vurublar. Onlar Millətlər Liqasında Almaniya - Niderland oyunundan öncə azarkeşlərlə vidalaşıblar. Görüşdə emosional anlar yaşanıb. Tərəfdarlar futbolçular üçün xareoqrafiya hazırlayıblar.

 

Həftənin GÖRÜŞÜ

İran Prezidenti Masud Pezeşkian və rusiyalı həmkarı Vladimir Putin Aşqabadda keçirilən görüşdə neft-qaz və enerji sahələrində birgə layihələrin həyata keçirilməsinə əlavə stimul verməyə razılaşıblar. Ölkə başçıları həmçinin Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Qeyd edək ki, Putin və Pezeşkianın danışıqları “Zamanlar və sivilizasiyaların qarşılıqlı əlaqəsi – sülh və inkişafın əsasıdır” beynəlxalq forumu çərçivəsində keçirilib.

 

Həftənin BƏNZƏTMƏSİ

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenskini İngiltərənin keçmiş Baş naziri Uinston Çörçillə müqayisə edib. “İkinci Dünya Müharibəsi zamanı Çörçilə özünü şir kimi apardığını deyəndə cavabverdi ki, yox, şir olan mən yox, ingilis xalqıdır. Zelenski müasir Çörçildir”,  - Conson deyib.

 

Həftənin GÖZLƏYƏNİ

Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri Olaf Şoltsun sülh mövzusunu müzakirə etmək təklifini rədd edib. Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok açıqlama verib. Berbok vurğulayıb ki, Putin məsələnin sülh yolu ilə nizamlanması üçün həll yolları axtarmaqdan boyun qaçırır.

 

Həftənin TƏKLİFİ

“BMT-nin gücü minimuma endirilməlidir”. Bunu amerikalı sahibkar və milyarder İlon Mask “X” sosial şəbəkəsində yazıb. O, bunu BMT-ni dünyanın ən korrupsiyalaşmış qurumlarından biri adlandıran istifadəçilərdən birinin yazısına cavab verərkən qeyd edib. Maskın sözlərinə görə, təşkilat Çin-Rusiya-İran oxunun etibarlı nümayəndəsinə çevrilib.

 

Həftənin QAÇQINI

Fransa hakimiyyəti “Əl-Qaidə” beynəlxalq terror təşkilatının keçmiş lideri Üsamə Bin Ladenin oğlu Ömərin ölkəyə girişini rəsmən qadağan edib. Bu barədə Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Bruno Retayo “X” sosial şəbəkəsində məlumat verib. Nazir qeyd edib ki, Ömər Bin Laden indiyədək bir neçə il Fransanın şimalındakı Orn departamentində yaşayıb, Britaniya vətəndaşının əri olub.