Xocalı rayonunda mina hadisəsi baş verib. “Azərbaycan Bayrağı Ordeni” ilə təltif edilmiş Qarabağ müharibəsi iştirakçısı Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb. Qeyd edək ki, Nağı İmanov Ağdərənin Sırxavənd kəndindəndir. 1991-ci ildə atası və qardaşı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Birinci Qarabağ müharibəsinin iştirakçısı tabor komandiri kimi ehtiyata buraxılıb.
Həftənin SƏHVİ

“Kreml Serbiya Prezidenti Aleksandr Vuçiçin üzrxahlığını qəbul edib”. Bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Xatırladaq ki, A.Vuçiç BMT Baş Assambleyasında Serbiya nümayəndə heyətinin Ukrayna ilə bağlı Rusiya əleyhinə olan qətnamənin səhvən lehinə səs verdiyini açıqlamışdı. Bunun ardınca o, baş verən səhvə görə ölkə vətəndaşlarından üzr istəyib.
Həftənin CƏZALISI

Türkiyədə qanunsuz mərc oyunlarında iştiraka görə mühakimə edilən müğənni Serdar Ortaça hökm oxunub. məhkəmə Serdar Ortaça 10 ay həbs və 400 min lirə (18 640 manat) pul cəzası verib. Lakin cəzanın icrası təxirə salınıb. Qeyd edək ki, müğənni məhkəmədəki ifadəsində aylıq 500 min lirə gəlirinin olduğunu və veriləcək pul cəzasını yerinə yetirə biləcəyini demişdi.
Həftənin İRQÇİSİ

“Qalatasaray” klubu “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonun cəzalandırılmasını tələb edir. Portuqaliyalı mütəxəssis irqçi şüarlar səsləndirməkdə ittiham olunur. Belə ki, Mourinyo mətbuat konfransında “Qalatasaray” futbolçularının hakimə təzyiq göstərərək “Fənərbaxça”nın müdafiəçisi Yusuf Akçiçekin cəzalandırılmasına çalışdıqlarını deyib: “Hakimə təşəkkür etməliyəm. Çünki rəqib skamyada oturanların hamısı meymun kimi tullanırdı”.
Həftənin ANASI

Ötən il yenicə dünyaya gətirdiyi körpəsini Türkiyənin Antalya hava limanında atıb-gedən rusiyalı Yekaterina Burnaskinaya hökm oxunub. Məhkəmə qadına körpənin həyatına qəsdetmə maddəsi üzrə 15 il həbs cəzası verib. Xatırladaq ki, Y.Burnaskina körpəsini 2024-cü il oktyabrın 14-ü Antalya aeroportunda fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan sanitar qovşaqda dünyaya gətirib. Bunun ardınca, o, körpəni unitaza ataraq getmişdi.
Həftənin HƏDƏSİ

Almaniyanın xarici işlər naziri Annalena Berbok ABŞ-yə təzyiqi artırmağa çağırıb. O, Amerikanı əlaqələri kəsməklə hədələyib. “Biz amerikalılara təzyiqi artıracağıq ki, onlar Avropanın liberal demokratiyasını dəstəkləməyi dayandıracaqları təqdirdə itirəcəkləri çox şeyin olduğunu başa düşsünlər”, - diplomat bildirib.