“İranda mövcud idarəetmə sistemi İsraillə diplomatik münasibətlərin bərpasını istisna edir. Trampın Qəzza planının reallaşması ehtimalı daha yüksəkdir, nəinki İranın İsraillə münasibətlər qurması. Tramp Qəzzadakı qətliamı durdurarsa və hazırladığı plan işə düşərsə, Ağ ev sahibi Nobel Sülh Mükafatını haqq edəcək”.
Bunu Hafta.az-a politoloq Elxan Şahinoğlu ABŞ Prezidenti Donald Trampın Qəzzada müharibənin dayandırılması məqsədilə irəli sürdüyü həll planını şərh edərkən bildirib.
E.Şahinoğlu bu planın beynəlxalq aləmdə müsbət qarşılandığını deyib:
“20 maddəlik planda HƏMAS qruplaşmasının israilli girovları azad etməsi müqabilində, İsrailin hərbi əməliyyatı dayandıracağı yazılıb. Öz növbəsində, İsrail ömürlük həbsə məhkum olunmuş 250 fələstinlini azad edəcək. Ayrıca HƏMAS üzvlərinə amnitsiya tətbiq ediləcək, bir şətlə ki, onlar silahlarını təhvil verəcəklər. Bundan sonra Qəzzanın yenidənbərpası və təhlükəsizlik məsələləri həll olunacaq. Qəzzanın idarəetməsi xüsusi yaradılmış komitəyə həvalə ediləcək. Həmin komitə bələdiyyələr və kommunal xidmətlər formalaşdıracaq. Qəzzanın təhlükəsizliyi beynəlxalq sabitlik qüvvələrinə həvalə ediləcək. Onlar Qəzzada xidmət edəcək polis qüvvələrinin təlimi ilə məşğul olacaq. Plan işə düşən kimi, Qəzzaya hərtərəfli humanitar yardımlar daxil olmağa başlayacaq. Buna baxmayaraq, planda İsraillə yanaşı, Fələstin dövlətinin formalaşması bəndi qeyri-müəyyəndir. Əsas olan mülki insanların qətlini dayandırmaq və sülh prosesinin, o cümlədən bölgənin bərpasının başlanılmasıdır”.
Politoloq qeyd edib ki, Ağ evdə Donald Trampla görüşən İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidentinin planını dəstəklədiyini bildirib. O, HƏMAS planı qəbul etməsə, İsrailin təkbaşına planın icrasını həyata keçirəcəyini deyib:
“Bu isə o deməkdir ki, İsrail HƏMAS-ı neytrallaşdırana qədər hərbi əməliyyatı davam etdirəcək və bu halda Vaşinqton Təl-Əvivi dəstəkləyəcək. Yəni HƏMAS seçim etməlidir: ya Vaşinqtonun planını qəbul edir, bu halda müharibə dayanır, insanlar humanitar yardımlar alır və bölgənin yenidən qurulması prosesinə start verilir, ancaq qruplaşma tərksilah olur, ya da plandan imtina edilir, bu halda müharibə və mülki insanların ölümü davam edir. Vaşinqton HƏMAS-ın tərk-silah olunmasında ərəb ölkələrinin, o cümlədən Misir və Qətərin səylərinə ümid edir. Bu iki ölkənin HƏMAS qruplaşmasına təsir imkanları mövcuddur”.
E.Şahinoğlu bildirib ki, ölkələrin mütləq əksəriyyəti Vaşinqtonun planını dəstəkləyib. Bu sırada Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İordaniya və Hindistanın adı çəkilir:
“Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Trampın planını bu sözlərlə dəstəkləyib: “Qəzzada qan axınının dayanması və atəşkəsin təmin olunması üçün ABŞ Prezidenti cənab Trampın göstərdiyi səyləri və liderliyini yüksək qiymətləndirirəm. Tərəflərin qəbul edəcəyi ədalətli və qalıcı bir sülhün bərqərar olması üçün Türkiyə olaraq biz də prosesə töhfə verməyə davam edəcəyik”. Hindistanın Baş naziri Narendra Modi Trampın sülh planının bütövlükdə Yaxın Şərqin təhlükəsizliyinə və rifahına yol açacağını bildirib: “Ümid edirik, bütün maraqlı tərəflər Trampın planı ətrafında birləşəcək”, - deyən Modi bunun İsrail və Fələstin xalqları üçün faydalı olacağına inandığını söyləyib. Biz sözlə, Trampın planı əleyhinə çıxan yoxdur.
Donald Tramp Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında İranın İsraillə münasibətlərini normallaşdıran İbrahim sazişlərinə qoşulmasını istisna etmədiyini bildirib. Ağ ev sahibi Vaşinqtonun İranla münasibətlərinin bərpası ümidini bu şəkildə izah edib: “Kim bilir, bəlkə hətta İran da müqavilələrə qoşula bildi. Mən, həqiqətən, onun iştirakçı ola biləcəyinə inanıram”.