2024-cü ildə Rusiyada boşanmaların sayı əhəmiyyətli dərəcədə artıb.
Hafta.az-ın “Komsomolskaya Pravda”ya istinadən yazdığına görə, ölkədə hər il 600-700 min cütlük boşanır və hər 10 nikahdan 7-si boşanma ilə bitir. Qəzet bu nisbətlə Rusiyanın dünyada boşanmaların ən çox olduğu üçüncü ölkə olduğuna diqqət çəkib.
Demoqraf Vladimir Timakov bildirir ki, gənclərin ailə qurmaqdan yayınması və iqtisadi şərait bu prosesi sürətləndirir. Onun sözlərinə görə, sovet dövründə yüksək olan nikahlar indiki şəraitdə, xüsusən də iqtisadi müstəqilliyin artması ilə azalır. Müasir cəmiyyətdə qadın və kişilərin bir-birindən asılılığı azaldıqca, boşanma daha asan varianta çevrilir.
Boşanmaların artmasının arxasında iqtisadi səbəblər də var. Şimali Qafqaz kimi regionlarda tək valideynli ailələrə yardımın artırılması boşanmaların sayının artmasına səbəb olub. Bir çox cütlük dövlət yardımından yararlanmaq üçün rəsmi şəkildə boşansalar da, birlikdə yaşamağa davam edirlər. Timakov bu vəziyyətin boşanma nisbətlərini artırdığını, ancaq ailə quruluşuna birbaşa təsir etmədiyini vurğulayır.
Son illər boşanmalar iqtisadi şəraitlə, təkcə uşaq müavinəti ilə deyil, həm də yüksək mənzil və ödənişlər səbəbindən artmağa meyllidir. Duma Komitəsinin sədri Nina Ostanina xüsusilə enerji qiymətlərinin artması ilə boşanmağa gedən ailələrin sayının artdığını bildirib. Ostanina enerji subsidiyalarının ev təsərrüfatlarına deyil, birbaşa xidmət təminatçılarına verilməsini təklif edib.
Rusiya hökuməti boşanma hallarını azaltmaq üçün yeni qaydalar tətbiq etməyi planlaşdırır. Boşanma haqlarının artırılması, psixoloqların boşanma prosesinə cəlb edilməsi kimi tədbirlər nəzərdən keçirilir. Bununla belə, ekspertlər bu cür tədbirlərin boşanmaların sayına məhdud təsir göstərəcəyini və boşanma qərarlarının daha çox sosial və iqtisadi amillərlə formalaşdığını bildirirlər.