Hərbi təlimdə həlak olan hərbi qulluqçuya ŞƏHİD STATUSU VERİLMİR – ƏSGƏR ANASINDAN HAQLI SUAL

18:30 16.12.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Vətən müharibəsindən sonra – bu ilin yanvar ayında təlim zamanı vəfat edən Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu Kamil Məmmədovun yaxınları mərhuma şəhidlik statusunun verilməməsindən şikayətçidirlər.

Vəfat edən hərbçinin anası Validə xanım hafta.az-a bildirib ki, Kamil Məmmədov, 25 dekabr 1998-ci ildə Xaçmaz rayonunun Köhnə Xudat kəndində dünyaya gəlib. O, Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində Kəşfiyyat bölüyündə xidmət göstərib. 44 günlük Vətən müharibəsində iştirak edib və 9 medalla təltif olunub. Bunlardan 6-sı rayonların azad olunmasına, digər 3-ü isə döyüşlərdə fərqlənməyə və göstərdiyi şücaətə görədir. Kamil 15 yanvar 2021-ci ildə Xızı rayonunda təlim zamanı avto qəzaya uğrayıb, 28 yanvar 2021-ci ildə isə vəfat edib:

“Oğlum,  yanvarın 7-si 3 günlük məzuniyyət götürüb evə gəlmişdi, daha sonra yanvarın 11-i yenidən hərbi hissəyə qayıtdı.  Ayın 14-də mənə zəng edib dedi ki, "Şuşaya çıxış verirlər, işdir şəhid olsam başını dik tut. Haqqını  halal et". Dedim, "Ay oğul, o nə sözdür müharibə də bitib". Xeyir dua verdim, sağollaşdıq. Sonra xəbər gəldi ki, oğlum qəzaya düşüb, kəllə-beyin travması ilə “Papanin” hospitalına yerləşdirilib. Hospitalda bir neçə müddət məni oğlumun yanına buraxmadılar. Cəmi 3-5 saniyə üzünü görə bildim. Axır nəfəsləri idi... Ayın 28-i səhər saat 8-də oğlum vəfat etdi. Həmin gün gətirib dəfn etdilər. Dəfn mərasiminə 30 nəfər Xüsusi Təyinatlı, onların mayorları və bəzi qurumlardan vəzifəli şəxslər də gəlmişdi”.

Validə xanım deyir ki, müraciətlərinə gələn cavabların əksəriyyətində oğluna şəhidlik statusunun düşmədiyi deyilir:

“Ötən ay Dövlət Sərhəd Xidmətinin (DSX) 14 hərbi qulluqçusu qəzaya düşdü, çox keçmədi ki onlara şəhidlik verildi. Qanun hamı üçün eynidirsə, onda mənim oğlumun haqqı niyə tapdalanır?

Oğlum vəfat edəndən sonra, şəhidlik statusunun verilməsi üçün çox yerə müraciət etmişəm. Mənə gələn cavab isə belə olurdu ki, "Döyüşlərdən sonra vəfat etdiyi üçün, şəhidlik nəzərdə tutulmayıb". Son olaraq bu sözü, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə müdiri Aydın Eyyubov dedi. Mənim övladım, Xızı rayonundan təlim vaxtı 17 nəfərlə birgə qəzaya düşüb. Geri qalanlar müxtəlif xəsarətlər alıb, Kamil də dünyasını dəyişib. Elə bu yaxınlarda 14 nəfər DSX hərbçiləri helikopter qəzasına uğradı, heç üstündən 2 gün keçməmiş onlara şəhidlik statusu verildi. Qanun hamı üçün eynidirsə, mənim balama niyə şəhidlik düşmür?”.

Məsələyə münasibət bildirən Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, deputat Musa Quliyev hafta.az-a bildirdi ki, qanunvericiliyə görə şəhidlik ancaq döyüş əməliyyatlarında və yaxud da Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsini həyata keçirərkən dünyasını dəyişmiş şəxslərə şamil olunur.

Qalan hallarda şəxs, hərbi xidmət vəzifəsini yerinə yetirən zaman həlak olmuş kimi nəzərdə tutulur, ailəyə müvafiq sığorta və digər ödənişlər həyata keçirilir. Lakin şəhid statusu yalnız müharibə zamanı həlak olan şəxslərə verilir.

Biz də millət vəkilinə ananın bir sualını xatırlatdıq. “Axı DSX-nın helikopter qəzası zamanı həlak olan 14 hərbi qulluqçusuna şəhid statusu verildi. Onlar da təlim zamanı qəzada həlak oldular, Kamil də. Onda niyə oğlum şəhid sayılmır?”

“Prinsipcə doğrudur. Valideyn bu sualı verməkdə haqlıdır. Məsləhət görərdim ki ailə, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinə ərizə ilə müraciət etsin. Ölüm haqqında şəhadətnamənin kopyasını da yollasın. Biz də ərizəni həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, həm də Müdafiə Nazirliyinə yönəldək”.

Qeyd edək ki, mərhum hərbi qulluqçunun ailəsinin şikayəti ilə bağlı sabah məhkəmə prosesi baş tutacaq.