Çoxəsrlik dövlətçilik tariximizdə Ümummilli lider Heydər Əliyevin fəaliyyəti özünəməxsus yer tutur. Məhz 1969-cu ilin iyulunda onun respublika rəhbəri seçilməsi ilə Azərbaycanın taleyində və tarixində dönüş başlandı. Hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi.
Tarixə nəzər salsaq görərik ki, əslində, demokratik hüquqi dövlət quruculuğu yolunu tutan Azərbaycan xalqı milli müstəqillik əldə etdikdən sonra bir çox çətinliklərlə qarşılaşmışdı. O dövrdə ölkəmizdə hökm sürən hərc-mərclik, özbaşınalıq, qanunsuz silahlı birləşmələrin mövcudluğu, cinayətkarlığın tüğyan etməsi, insanların dinc və təhlükəsiz yaşamasını qəsdə məruz qoymuşdu. Bu baxımdan yenicə müstəqillik əldə etmiş bir dövlətin inkişafında mükəmməl qanunvericlik bazasının yaradılması, qanunun aliliyinin təmin edilməsi mühüm şərt idi. "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir” deyən görkəmli şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə zaman keçdikcə bu sahədə böyük uğurlar qazanıldı.
Bu istiqamətdə əldə olunan ən vacib uğurlardan biri yeni Konstitusiya layihəsinin hazırlanması idi. Ümummilli lider yeni Konstitusiya layihəsinin hazırlanmasını öz üzərinə götürdü və bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etdi. 1995-ci ilin noyabrında isə ümumxalq səsverməsi yolu ilə Konstitusiyamız qəbul edildi.
Bu tarixi günlərdə ulu öndər Heydər Əliyev deyirdi: "Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq".
Beləliklə, 1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq müstəqil dövlətimizin Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas müddəalarını özündə əks etdirən Konstitusiyada insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə söykənərək yaradılan Konstitusiyamız hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. Ulu öndərin həyata keçirdiyi siyasət nəticəsində dövlətçiliyimiz möhkəmləndirildi, ictimai-siyasi sabitlik bərqərar edildi, qanunsuzluqlara, zorakılığa, cəzasızlıq əhval-ruhiyyəsinə son qoyuldu. Vətəndaşlarımız təhlükəsiz yaşamaq hüququ əldə etdilər. Bütün bunlar demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinə təminat verdi.
1995-ci ildən həm də əfv və amnistiya təsisatları bərpa edildi, həmin vaxtdan indiyədək qəbul olunmuş amnistiya aktları, əfv fərmanları yüzlərlə şəxsin azadlığa qovuşmasına, cəzasının azaltılmasına imkan yaratdı.
Hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü önə çəkən Heydər Əliyev ölkədə göstərilən hüquqi yardımın səviyyəsinin yaxşılaşdırılması təşəbbüsünü irəli sürdü. Bu dövrdən bаşlаyаrаq dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insanlаrın hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olması naminə mühüm addımlar atıldı. Şərq аləmində ilk dəfə оlаrаq dahi şəxsiyyətin təşəbbüsü ilə 1993-cü ildə Аzərbаycаndа ölüm cəzasının icrasına moratorium qoyuldu. Və bu аddım insаn hüquq və аzаdlıqlаrının qоrunmаsı sаhəsində tаriхi bir hаdisəyə çеvrildi. 1998-ci il fevralın 10-da isə Azərbaycanda ölüm cəzası ləğv edildi.
Ulu öndərin rəhbərliyi altında prokurorluq оrqаnlаrındа aparılan islahatların əsas məqsədi isə bu orqanın səlahiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət idi. Bu baxımdan 1999-cu ildə qəbul оlunmuş “Prokurorluq haqqında” qanunun əhəmiyyəti xüsusi vurğulanmalıdır. Mütərəqqi ruhlu bu qanun prokurorluğun totalitar rejimə xas bəzi funksiyalardan azad olmasına, onun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılmasına ciddi hüquqi zəmin formalaşdırdı.
Hüquqi islаhаtlаr sаhəsində qəbul еdilmiş çох önəmli sənədlərdən biri də 1996-cı il 8 iyun tаriхdə imzаlаnmış “Аvrоpа Şurаsı və Аzərbаycаn Rеspublikаsı аrаsındа əməkdаşlıq prоqrаmının həyаtа kеçirilməsi hаqqındа” sərəncаmdır. Məhz bundan sonra bеynəlхаlq stаndаrtlаrа uyğun qanunvericilik aktlarının hazırlanmasına başlanıldı. “Kоnstitusiyа Məhkəməsi hаqqındа”, “Məhkəmə və hаkimlər hаqqındа”, “Prоkurоrluq hаqqındа”, “Pоlis hаqqındа” mütərəqqi ruhlu qаnunlаr və digər nоrmаtiv-hüquqi аktlаr, Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessul məcəllələri, eləcə də digər məcəllələr qəbul olunmuş, qanunvericilikdə insanların təqsirsizlik pezumpsiyası, qanunçuluq, qanun qarşısında bərabərlik, ədalət, təqsirə görə məsuliyyət və digər humanist prinsiplər öz əksini tapmışdır.
Vətəndaşların Konstitusiyada və digər aktlarda müəyyən edilmiş hüquq və azadlıqlarının təmini baxımından xüsusi önəm daşıyan ədalət mühakiməsinin əlçatanlığı və müstəqilliyi, hüquqi dövlət quruculuğu prosesinin ən vacib mərhələlərindən biri kimi qiymətləndirilməlidir ki, görülmüş bütün bu işlərin və həyata keçirilmiş əsaslı məhkəmə-hüquq islahatlarının nəticəsində keçmiş sovet ittifaqından qalma məhkəmə sistemi demək olar ki, tamamilə aradan qaldırıldı, yeni və qabaqcıl inkişaf etmiş ölkələrin təcrübəsinə söykənən üçpilləli müstəqil məhkəmə hakimiyyəti sistemi yaradıldı, hakim korpusunun demokratik əsaslarla formalaşdırılması prosesi sürətləndirildi. O da xüsusi qeyd edilməlidir ki, müstəqil məhkəmə sisteminin formalaşdırılması işində Məhkəmə-Hüquq Şurasının təsis edilməsi amili də mühüm rol oynadı. Fəaliyyətini şəffaflıq prinsipi əsasında quran Şuranın fəaliyyəti əsasında hakim heyətinin müsabiqə əsasında formalaşdırılması bu baxımdan da xüsusi önəm kəsb edirdi.
İnsan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən Ümummilli liderin 1998-ci ildə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanında bu sahədə həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih müəyyən edilmiş, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdı. Ölkəmizdə insan hüquqlarının qorunması üzrə yeni sistemin yaranmasının parlaq təzahürlərindən biri də “İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) haqqında” Qanunun qəbul edilməsidir. Belə bir hüquqi təsisatın yaradılması qabaqcıl dövlətlərdə tətbiq edilən səmərəli institutların ölkəmizdə fəaliyyət göstərməsinə şərait yaratmışdır.
Göründüyü kimi, Ümummilli liderin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu prosesi çərçivəsində demək olar dövlət hakimiyyətinin bütün qollarında əsaslı islahatlar aparıldı, idarəetmə sisteminin bütün istiqamətlərinin inkişafı üzrə tarixi əhəmiyyət kəsb edən qərarlar qəbul olundu, Azərbaycan xalqının dövlətçilik tarixində köklü və mütərəqqi işlər görüldü. Beləliklə, 1993-2003-cü illər Azərbaycanın demokratik prinsiplərə sadiq bir dövlət kimi inkişafında mühüm bir dövr olmaqla, dünya birliyinə inteqrasiya yolunda da ona çox böyük nailiyyətlər qazandırdı. Təbii ki, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi müdrikliyi və beynəlxalq nüfuzu olmadan bütün bunları əldə etmək mümkünsüz idi.
Yeri gəlmişkən onu da qeyd edək ki, məhz Ümummilli liderin təməlini qoyduğu islahatların məntiqi nəticəsidir ki, bu gün müasir Azərbaycanın inkişafı davamlı prosesə çevrilib. Vaxtilə həyata keçirilmiş siyasi və hüquqi islahatlar xətti indi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Məhz bu fəaliyyətin nəticəsidir ki, artıq Azərbaycan qalib ölkə olaraq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və beynəlxalq arenada əsas söz sahiblərindən birinə çevrilib.