Son 30 illlik tariximizi araşdıran, təhlil edən siyasətçilər bugünkü reallığın ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlı olmasını faktlarla bir daha ortaya qoyurlar.
Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov hafta.az-a açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan konfliktinin əsası hələ 20-ci əsrin əvvəllərindən başlasa da, 70 illik SSRİ dönəmində bu, mehriban dostluq və qonşuluq müstəvisinə keçib. Onun sözlərinə görə, iki xalq uzun illər dinc, sülh və əmin-amanlıq şəraitində yaşasa da, Mixail Qorbaçovun 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının (Sov.İKP) rəhbərliyinə gəlişindən sonra, “yenidənqurma” proqramı adı altında SSRİ respublikaları arasında seperatizim meyilləri güclənməyə başlayıb.
R.Qurbanov bildirib ki, 20-ci əsrin 80-ci illərinin sonlarında ermənilərin Azərbaycana qarşı başladıqları separatçı əməllər mərkəzi hakimiyyət tərəfindən ciddiyə alınmadığından, daha doğrusu bilərəkdən böyük bir problemə çevrildi.
“Bu separatizmin başında ermənilərlə yanaşı, onların vasitəsilə öz maraqlarını güdən, SSRİ kimi fövqəl bir dövləti dağıtmağa çalışan başda ABŞ olmaqla, Qərbin digər imperialist dövlətləri də dayanırdı”.
Sepratizmin dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi olan bir fəaliyyət olduğunu qeyd edən AKP sədri hesab edir ki, separatizmi formalaşdıranlaranlar dövlətçiliyi parçalamağa çalışan bir qrup insan birliyidir.
“Onların əsas məqsədi öz şəxsi maraqlarını “millətə sevgi” pərdəsi altında təmin etmək və hakimiyyətə gəlməkdir. Çox təssüflər olsun ki, o dövrdə Azərbaycanda da belə meyllər güclü idi. Azərbaycanın o vaxtkı rəhbərliyi yaranmış vəziyyəti düzgün təhlil edə bilmir, nə baş verdiyini, bu hadisələrin gedişinin respublikamız üçün nə ilə nəticələnəcəyini anlamırdı. Onlar Moskvanın əmrlərinə müntəzir dayanmaqla, demək olar ki, Qorbaçovun məkirli planının reallaşmasına yardım edirdilər”.
Tarixi faktlar üzərində təhlillər aparan R.Qurbanov bildirib ki, imperialist qüvvələr bu proseslərə başlamazdan öncə SSRİ kimi fövqəl bir dövləti dağıtmaq planına start verdi. Bu planın önündə dayanan Qorbaçov öncə bu işdə ona mane ola biləcək şəxsləri “Sov.İKP” Siyasi Büronun üzvülüyündən uzaqlaşdırdı. O cümlədən də Heydər Əliyevi...
“Məhz Heydər Əliyev Mərkəzi siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Azərbaycana qarşı təziqlər daha da artmağa başladı və yeni məkirli planlar işlənib hazırlandı. Beləliklə, Bakıda 1990-cı ildə qanlı 20 yanvar hadisəsi, Sumqayıtda ermənilərin özləri tərəfindən dinc erməni əhalisinə qarşı törədilmiş qətlamlar, 1992-ci il Xocalı soyqırım törədildi. Və Azərbaycan torpaqlarının işğalı prosesi davam etdi. Bununla da, Azərbaycanda Sov.İKP-yə, SSRİ –yə, Sovet Ordusuna qarşı dərin nifrət hissi formalaşdı. Sov.İKP biletləri yandırıldı, kütləvi partiya sıralarından çıxma kompaniyasına start verildi. Bu şəraitdən məharətlə istifadə edən dünya erməniləri 200 il bundan öncə tərtib etdikləri “Böyük Ermənistan” sərsəm ideyalarını addım-addım reallaşdırmağa başladılar. Heydər Əliyevin mərkəzi hakimiyyətdən uzaqlaşdırılması bu planın həyata keçirilməsinə onlar üçün geniş yol açdı”.
R.Qurbanov bildirib ki, 1990-cı ilin əvvəllərində Azərbaycanda o vaxtkı hakimiyyətin yarıtmazlığı nəticəsində separatçılığın, özbaşınalığın, anarxiya və xaosun baş alıb getməsi, torpaqlarımızın işğalı, Azərbaycanın daxili qarşıdurmalar arenasına çevirmişdi. Onun sözlərinə görə, meydan hərəkatçılarının hakimiyyət başına gəlməsindən məharətlə istifadə edən separatçı qüvvələr 20 faiz ərazimizin erməni silahlı qüvvələri tərəfindən işğal olunmasına və ölkə daxilində bir milyon qaçqın ordusunun yaranmasına səbəb oldu.
AKP sədri müasir tariximizin gerçəkliyinə istinad edərək qeyd edib ki, məhz respublikanın belə bir çıxılmaz durumla qarşılaşdığı bir vaxtda Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən Azərbaycanın rəhbərliyinə qayıtması ermənilərin “Böyük Ermənistan” xülyasını darmadağın etdi.
“Heydər Əliyevin dəmir iradəsi, uzaqgörənliyi, uzun illər ərzində topladığı təcrübə, dünyada olan nüfuzu Azərbaycan xalqını və dövlətini dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Hələ uzun illər keçəcək, Heydər Əliyevin Azərbaycan dövlətçiliyi üçün görmüş olduğu işlər özünün daha layiqli və dürüst qiymətini alacaqdır. Heydər Əliyevin təməlini qoymuş olduğu siyasətin bu gündə uğurla davam etdirilməsi, məhz 2020-ci ildə 44 günlük müharibədə əldə etdiyimiz qələbənin bariz nümunəsidir”.