Hilmənd suyun bölünməsinə dair İran - Taliban danışıqları müsbət nəticələnib

09:32 16.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran Ekologiya Agentliyinin sədri Selacekə paytaxt Tehranda keçirilən kabinet iclasından sonra mətbuata açıqlama verib.

Hafta.az-ın İRNA-ya istinadən yazdığına görə, Əfqanıstan baş nazirinin müavini Molla Əbdülqəni Biradərin rəhbərlik etdiyi iqtisadi nümayəndə heyətinin ötən həftə İrana səfərinə işarə edən Selacekə Hilmənd çayında suyun bölüşdürülməsi məsələsi ilə bağlı danışıqların konstruktiv keçdiyini bildirib.

Əfqan rəsmilərlə görüşlərində məsələnin əhəmiyyətini vurğuladıqlarını ifadə edən Selacekə, "İrana səfər edən Taliban rəsmiləri ilk dəfə İranın su haqqının verilməsini qəbul etdilər. Taliban rəsmiləri kifayət qədər yağış yağarsa bunun baş verəcəyini bildirdilər” deyib.

Son illər İranla Əfqanıstan arasında Hilmənd çayında suyun bölüşdürülməsi ilə bağlı mübahisə yaranıb. Taliban rəhbərliyi bölgədəki quraqlıq səbəbindən Hilmənd çayı üzərindəki Kecəki bəndində suyun olmadığını, buna görə də suyun İran tərəfinə çatmadığını bildirərkən, İran texniki heyətin bəndə baş çəkməsi və bu vəziyyəti təsdiqləməsi lazım olduğunu deyib.

Noyabrın 4-də iqtisadi sahədə müxtəlif görüşlər keçirmək üçün İrana gələn Əfqanıstanın iqtisadi heyəti İranın vitse-prezidenti Məhəmməd Muhbir, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, daxili işlər naziri Əhməd Vahidi, Ali Milli Təhlükəsizlik Nazirliyinin katibi Əli Əkbər Əhmədiyanla görüşüb və müxtəlif şəhərlərdəki təsisləri ziyarət edib.