Hindistan Aya kosmik gəmi göndərib

16:16 23.07.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistan Kosmik Tədqiqatlar Mərkəzi (İSRO) iyulun 22-də, Hindistan vaxtı ilə saat 14:43-də Aya ikinci missiyası olaraq “Çandrayaan-2” kosmik gəmisinin Sriharikota Kosmik Stansiyasından buraxılışını həyata keçirib.

Səfirlikdən Hafta.az-a verilən məlumata görə, çəkisi 3840 kiloqram olan “Çandrayaan-2” kosmik gəmisinin fəzaya buraxılışında yerli Geosinxron Peyk Başlatma Qurğusu GSLV MkIII-M1-dən istifadə olunub.

“Çandrayaan-2” missiyası 3 əsas elementdən ibarətdir: tam yerli kosmik gəmi, səthə enmək üçün aparat və yürüşçü. Səthə eniş üçün aparat kosmik gəmidən ayrılaraq Ay ətrafında orbitə daxil olacaq. O, daha sonra 7 sentyabr, 2019-cu il tarixində Ayın cənub qütbündə yumşaq səthdə bir sıra mürəkkəb əyləc manevrləri həyata keçirəcək.

“Çandrayaan-2” missiyasının məqsədi yumşaq eniş və ayın səthində gəzmək də daxil olmaqla bütün mərhələləri əhatə edən ay missiyası üçün əsas texnologiyaların inkişaf etdirilməsi və nümayiş olunmasıdır. Elmi tərəfdən bu missiya Ayın topoqrafiyası, mineralogiyası, səthi kimyəvi tərkibi, termo-fiziki xüsusiyyətləri və atmosferinin ətraflı araşdırılması vasitəsilə onun mənşəyini və təkamülünü daha yaxşı anlamağa imkan yaradaraq Ay haqqında biliklərimizin daha da artırılmasını nəzərdə tutur.

“Çandrayaan-2”-də Ayın mənşəyinin və təkamülünün daha ətraflı öyrənilməsini asanlaşdıracaq bəzi elmi cihazlar var. Kosmik gəmi səkkiz, səthə eniş üçün aparat üç, yürüşçü isə iki cihaz daşıyır. Bundan əlavə, səthə eniş aparatına passiv eksperiment də daxildir. Kosmik gəmi cihazları 100 km-lik fəzadan uzaqdan müşahidələr aparacaq və eniş aparatı və yürüşçü isə eniş ərazisi yaxınlığında tədqiqatlar aparacaq.