Hindistanın ölkəmizdəki səfirliyi 10-cu Beynəlxalq Yoqa Gününə həsr olunmuş tədbir keçirib.
Hafta.az-ın yazdığına görə, ümumilikdə 200-dən çox qonağın qatıldığı tədbirdə millət vəkili, Azərbaycan-Hindistan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Naqif Həmzəyev də iştirak edib.

“Yoqa birimiz üçün, yoqa hamımız üçün” şuarı altında keçirilən tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan yoqanın hərtərəfli faydalarından söz açıb.

Yoqa təlimatçıları Kənan Məmmədov və Elçin Quliyev keçirdikləri seanslarda iştirakçılara müxtəlif duruş və nəfəs məşqləri ilə bələdçilik ediblər.

Tədbirdə həmçinin Səidə Əliyevanın ifasında hind klassik rəqsi də nümayiş olunub.

Xatırladaq ki, iyunun əvvəlində səfirlik Bakının bəzi görməli yerlərində tədbirlər keçirib. İyunun 5-də “Atəşgah” məbədindəki açılış tədbirindən sonra Şirvanşahlar sarayında və Yanardağ məbədində yoqanın qədim adət-ənənələri ilə müasir rifahın sintezini nümayiş etdirən silsilə tədbirlər təşkil olunub.