Hindistan Səfirliyi Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə Hindistan və Azərbaycan Mədəniyyətlərin Qovuşması tədbiri keçirib.
Hafta.az-ın yazdığına görə, incəsənət xadimləri, hind icmasının üzvləri və Hindistanın Azərbaycandakı dostlarının iştirak etdiyi tədbirin açılış mərasimində Hindistanın ölkəmizdəki səfiri Sridharan Madhusudhanan və Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə çıxış edərək öz fikirlərini bölüşüblər.
Günay Bəndəliyeva, İlahə Zeynalova və Sona Abdullayevanın ifasında tamaşaçılara klassik və yarımklassik hind rəqsləri təqdim olunub. Tanınmış sənətçi Elmar Racsur "Ai Zindage Gale" və "Goron Ki Na Kalon Ki" kimi klassik hind filmi mahnılarının ifası ilə izləyənləri heyran edib.
Bundan əlavə, tamaşaçılar Azərbaycanın zəngin bədii irsini tərənnüm edən “Vətən balladası” və “Cəngi rəqsi” kimi ənənəvi milli rəqs nömrələrini, həmçinin Elnur Zeynalovun ifasında “Şuşa dağları” və Ayşən Mehdiyevanın ifasında “Qönçələrin rəqsi” mahnılarını dinləyiblər.
Hindistan və Azərbaycan bədii sənətkarlıq nümunələrinin vəhdəti ilə keçirilən tədbir hər iki ölkənin istedadlarını nümayiş etdirməklə yanaşı, onları birləşdirən mədəni bağı bir az da gücləndirib. İştirakçılar tədbirdən ortaq irs hissi və gücləndirilmiş mədəni bağlılıq hissi ilə ayrılıblar.