Hindistanlı cinayətkar siyasətçi “jurnalistlər” tərəfindən öldürüldü

09:55 17.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanda keçmiş siyasətçi çəkiliş zamanı canlı yayımda hücuma məruz qalıb. Atik Əhməd Uttar Pradeş ştatının Allahabad şəhərində xəstəxanaya aparılarkən öldürülüb.

Hafta.az-ın Sky News-a istinadən yazdığına görə, son 20 ildə adam öldürmə, şantaj kimi bir çox mövzuda cinayət işi açılan sabiq deputat mart ayında adam oğurluğuna görə ömürlük həbsə məhkum edilib.

Hadisə baş verən zaman Atik Əhməd və həbsdə olan qardaşı Əşrəf Əhməd yolda jurnalistlərlə söhbət edərkən əlləri qandallı polis tərəfindən xəstəxanaya aparılaraq tibbi müayinədən keçib. Jurnalistlər Atik Əhməddən cümə axşamı öldürülən oğlunun dəfnində iştirak edib-etmədiyini soruşublar. 60 yaşlı eks-siyasətçinin son sözləri “Bizi aparmadılar, getmədik” olub.

Motosikletlə hadisə yerinə gələn üç hücumçu özlərini jurnalist kimi göstərərək Atik Əhməd və qardaşına yaxınlaşıblar. Hücum edənlər ikilini başlarına atəş açaraq öldürüblər.

Səlahiyyətlilər hər üç hücumçunun tutulduğunu açıqlayıb. "Hər şey saniyələr ərzində baş verdi" deyib polis məmuru Ramit Şarma.

Müxalif Samajvadi Partiyasının əyalət lideri Akhileş Yadav mövzu ilə bağlı açıqlamasında "Uttar Pradeşdə cinayətin pik həddinə çatdığını" söyləyib: “Əgər bir adamı polisin təhlükəsizlik kordonuna girib güllələməklə öldürmək olarsa, bəs camaatın təhlükəsizliyi necə olacaq? Bu baxımdan insanlar arasında qorxu mühiti yaranır”.

BBC mövzu ilə bağlı xəbərlərində “Əhmədin siyasətdə və cinayətdə tarixi uzundur” ifadəsini işlədib. İlk dəfə 1979-cu ildə qətldə ittihamlanan Əhməd qərbi Allahabadda güclü bir fiqur olub. Əhməd 1989-cu ildə müstəqil şəkildə iştirak edərək Uttar Pradeş əyalət məclisinə millət vəkili seçilib. Əhməd 2004-cü ildə solçu Samajvadi Partiyasından Hindistan parlamentinin aşağı palatası olan Lok Sabhaya daxil olub.

2019-cu ildə Umeş Palı qaçırdığına görə həbs edilən Əhməd bir iş adamına hücum planlaşdırdığı üçün Qucarat ştatına köçürülüb. Əhməd Umeş Pal adlı bir şahidin fevralda öldürülməsi ilə bağlı dindirilmək üçün mart ayında Allahabada gətirilmişdi. Barellidə cəza çəkən Əşrəf Əhməd də eyni səbəbdən Allahabad yolunu tutub.

Umeş Pal 2005-ci ildə Uttar Pradeşdə fəaliyyət göstərən və kasta sistemi altında icmaları müdafiə edən Bahujan Samaj Partiyasının üzvü Raju Palın qətlinin əsas şahidi olub. Pal 2004-cü ildə əyalət məclisi seçkilərində Əşrəf Əhmədi məğlub edib.

Palın qətlində şübhəli bilinənlərdən biri Əhmədin oğlu Əsəd Əhməd cümə axşamı polis tərəfindən öldürülüb. Səlahiyyətlilər Əsəd Əhmədlə polis arasında toqquşma olduğunu açıqlayıb.