Hindistanlı milyarder Adani yenidən zirvədə

10:15 07.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bloomberg indeksinə görə, hindistanlı iş adamı Gautam Adaninin sərvəti bu həftə təxminən 7,7 milyard dollar artaraq 97,6 milyard dollara çatıb. Adani bununla da hindistanlı milyarder Mukeş Ambanini ötüb.

Hafta.az-ın yazdığına görə, hazırda iki hindistanlı iş adamı Bloomberg-in dünyanın ən varlı adamları siyahısında müvafiq olaraq on ikinci və on üçüncü yerləri tutur.

Adani Group, Amerika investisiya araşdırma şirkəti Hindenburg Research-i "qalmaqallı" fırıldaqçılıqda ittihamlayan hesabat dərc etdikdən sonra birja dəyərini 150 milyard dollardan çox itirib.

Frans-Press Agentliyi xəbər verir ki, hesabatda Adaninin ölkə hüdudlarından kənara vergilər vasitəsilə pul köçürməklə qrup şirkətlərinin səhmlərinin qiymətlərini saxtakarlıqla artırdığı qeyd edilib. Hesabatda bildirilirdi ki, “səhmlərin bu ciddi manipulyasiyası və saxta mühasibat sxemi dünyada ən böyük saxtakarlıq hesab olunur”.

Adani Group ittihamları rədd edərək, bunu öz nüfuzuna “qərəzli” hücum adlandırıb.

Şəxsi səviyyədə, bu müddət ərzində Adani şəxsi sərvətindən təxminən 80 milyard dollar itirib. Bu iddialardan əvvəl Adani Group “Forbes”in təsnifatına görə 2023-cü ilin yanvarında amerikalı Elon Musk və fransalı Bernard Arnault və ailəsindən sonra dünyanın ən zəngin insanları arasında üçüncü yeri tutmuşdu.

Qalmaqala ictimaiyyətin marağı azalsa da, Adani Group-un qurucusu və şirkəti itkilərinin bir hissəsini kompensasiya edə bilib. Adani Group şirkətlərinin səhmləri bu həftə Hindistan Ali Məhkəməsinin "Hinderenberg" şirkətinin iddiaları ilə bağlı istintaqın genişləndirilməsi tələbini bazara nəzarət orqanları tərəfindən aparılan araşdırmaların yetərli olduğu səbəbi ilə rədd etdikdən sonra əhəmiyyətli dərəcədə artıb.