Hollandiya köləlik tarixinə görə bütün dünyadan üzr istəyir

19:18 25.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hollandiya hökuməti dekabrın 19-u bazar ertəsi günü dünyanın 8 ayrı yerində ölkənin köləlik tarixinə görə rəsmi olaraq üzr istəyəcək.

Hökumət köləliyə görə təzminat ödəmək əvəzinə, bu məsələ ilə bağlı maarifləndirmə üçün 200 milyon avro ayıracaq.

Hollandiyanın ictimai yayımı NOS tərəfindən elan edilən bu inkişafı Haaqadakı hökumət mənbələri də təsdiqləyib.

Yeddi hökumət naziri dekabrın 19-da Hollandiyanın keçmiş müstəmləkəsi Surinam və Karib dənizindəki Aruba, Bonaire, Kurasao, Sint Eustatius, Saba və Sint Marten adalarına səfər edəcək.
Hollandiyalı nazirlər ölkənin köləlik tarixinə görə dövlət adından rəsmi üzr istəmək üçün burada olacaqlar.

Baş nazir Mark Rutte də həmin gün Haaqada üzr istəyəcək.

Hökumətin rəsmi üzr istəməsi o demək deyil ki, Hollandiya qul etdiyi şəxslərin qohumlarına birbaşa pul kompensasiyası ödəyir.

Haaqa administrasiyası təzminat deyil, köləliklə bağlı maarifləndirmə üçün hazırlanacaq layihələr üçün 200 milyon avro büdcə ayıracaq. Köləlik tarixi ilə bağlı muzeyə 27 milyon avro ayrılacaq.
Hollandiya Nümayəndələr Palatasının nümayəndə heyəti Surinam, Kurasao və Bonaireyə səfər etdikdən sonra parlament çoxluğu hökumətdən rəsmi üzr istəməsini istəyib.

Sentyabr ayında Surinamı ziyarət edən Hollandiya prezidenti Rutte də köləliyin ləğvinin 150-ci ildönümü olan 2023-cü ildə köləliyin ağrısını tam qəbul etməyə yönəlmiş fəaliyyətlərin olması lazım olduğunu vurğulayıb.

Köləlik tarixində rolu olan şəhərlər, xüsusilə Hollandiyanın Amsterdam və Rotterdam şəhərləri daha əvvəl üzr istəmişdi.

Hollandiya Mərkəzi Bankı da ötən iyulda köləliyin ləğvi ilə bağlı keçirilən anma mərasimində rəsmi üzrxahlıq edib. Hökumət iyul ayında üzr istəməkdən imtina edib və bunun vaxtında olmadığını söyləyib.

NOS-un sifarişi ilə aparılan araşdırmaya görə, Hollandiyada əhalinin əksəriyyəti köləlik tarixlərinə görə üzr istəməyin tərəfdarı deyil.

Keçən il Hollandiyalıların 31 faizi üzr istəmək istəyib, 55 faizi isə buna qarşı çıxıb. Bu il üzrxahlığı dəstəkləyənlərin nisbəti 38 faizə yüksəlsə də, hələ də cəmiyyətin 49 faizi bunun əleyhinədir.
Araşdırmaya görə, üzr istəmə tələbi miqrant mənşəli şəxslər arasında daha çox olur.

Oxunma sayı 2032