Honduras Tayvandan imtina edib Çinlə diplomatik münasibətlər qurur

18:12 26.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Honduras getdikcə təcrid olunmuş və hazırda yalnız 13 suveren dövlət tərəfindən tanınan Tayvanla əlaqələri kəsdikdən sonra bazar günü Çinlə diplomatik əlaqələr qurub, Associated Press xəbər verir.

Çin və Honduras xarici işlər nazirləri Pekində birgə kommünike imzalayıblar. Bu qərar Çin Xarici İşlər Nazirliyi tərəfindən “düzgün seçim” kimi qiymətləndirilib.

Ölkələr arasındakı əlaqələr Pekin və Vaşinqton arasında gərginliyin artması fonunda baş verir və Çinin Latın Amerikasında artan təsirindən xəbər verir. Yeni Çin-Honduras münasibətləri Honduras və Tayvan hökumətlərinin əlaqələrin kəsilməsi ilə bağlı ayrı-ayrılıqda açıqlamalarından sonra elan edilib.

Honduras Xarici İşlər Nazirliyi Twitter-də bildirib ki, hökuməti "dünyada yalnız bir Çini" tanıyır və Pekin "bütün Çini təmsil edən yeganə qanuni hökumətdir".

Honduras həmçinin bildirib ki, "Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir və bu gündən etibarən Honduras hökuməti Tayvanı diplomatik əlaqələri kəsdiyi barədə məlumatlandıraraq, Tayvanla heç bir rəsmi əlaqə saxlamayacağına söz verib".

Tayvanın xarici işlər naziri Cozef Vu bazar günü keçirdiyi mətbuat konfransında deyib ki, Tayvanın "suverenliyini və ləyaqətini müdafiə etmək" üçün Hondurasla münasibətlərini kəsib.

Oxunma sayı 70