Humanitar təchizat zəncirləri 2027-ci ildən əvvəl bərpa olunmayacaq

08:07 03.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Millətlər Təşkilatı (BMT) xəbərdarlıq edib ki, Yaxın Şərqdə davam edən müharibənin qlobal humanitar təchizat zəncirlərinə vurduğu zərərin aradan qaldırılması, hətta münaqişə dərhal dayandırılsa belə, 2027-ci ildən əvvəl mümkün olmayacaq.

Hafta.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) qlobal nəqliyyat və logistika üzrə məsul əməkdaşı Jan Sedrik Myeus məlumat verib. O, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının başlanmasından təxminən 100 gün sonra – bu gün çıxışında bildirib ki, münaqişənin təsirləri artıq Yaxın Şərq regionunun hüdudlarını aşaraq qlobal miqyas alıb.

Onun sözlərinə görə, humanitar təchizat zəncirlərində yaranan fasilələr dünyanın müxtəlif bölgələrində uşaqlara mənfi təsir göstərir. Təchizat marşrutlarında sıxlığın artması və daşınma xərclərinin yüksəlməsi humanitar əməliyyatların həyata keçirilməsini çətinləşdirir.

UNICEF rəsmisi qeyd edib ki, Yaxın Şərqə, xüsusilə də Hörmüz boğazı vasitəsilə həyata keçirilən daşımaların pozulması qısa müddətdə humanitar böhrana çevrilə bilər. O vurğulayıb ki, davam edən gecikmələr və əməliyyat xərclərinin artması təşkilatı çətin seçimlər qarşısında qoyur. “Daşınmaya sərf olunan hər əlavə dollar uşaqlara yardım üçün ayrılan vəsaitin azalması deməkdir”, – deyə Myeus bildirib. Vurğulanıb ki, Yaxın Şərqdə hava yükdaşımalarının həcmi azalıb, bəzi aviaşirkətlər isə Afrikanın bir sıra istiqamətlərinə uçuşları dayandırıblar. Limanlarda yaranan sıxlıq probleminin Afrikanın müxtəlif bölgələrinə də yayıldığı bildirilir.

Myeusun sözlərinə görə, Hindistandan Nigeriya və Konqo Demokratik Respublikasına vaksinlərin hava yolu ilə daşınma xərcləri 50-70 faiz artıb. Bu isə humanitar təchizat sistemlərində genişmiqyaslı zəncirvari təsirlərə səbəb olur.

UNICEF rəsmisi əlavə edib ki, hətta tərəflər arasında razılaşma əldə olunaraq Hörmüz boğazı yenidən açılsa belə, təşkilatın təchizat zəncirlərində vəziyyət ilin sonunadək əhəmiyyətli dərəcədə yaxşılaşmayacaq.

BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) da bildirib ki, müharibənin yaratdığı neft qiyməti şokları inkişaf etməkdə olan ölkələrə ciddi təsir göstərir. Təşkilatın nümayəndəsi Marselo Rizzi qeyd edib ki, bir çox ölkələr əsas idxal ehtiyaclarının maliyyələşdirilməsi ilə digər prioritetlər arasında seçim etmək məcburiyyətində qalırlar. “Geosiyasi şok inkişaf prosesində daha ağır nəticələr doğuran bir sarsıntıya çevrilir. Hətta atəşkəs və ya sülh sazişi əldə olunsa belə, təsirlər uzun müddət davam edə və struktur xarakter ala bilər”, – deyə o vurğulayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da yanacaq təminatında davam edən problemlər və səhiyyə sistemlərinin dayanıqlığının zəifləməsi ilə bağlı xəbərdarlıq edib. ÜST-nin sözçüsü Kristian Lindmayer bildirib ki, ən ciddi təsirlər Kuba, Qəzza, Cənubi Sudan, Somali, Efiopiya, Sudan və Yəməndə müşahidə olunur.

Onun sözlərinə görə, xüsusilə dizel yanacağının çatışmazlığı səhiyyə sistemlərinin fəaliyyəti üçün ən böyük təhlükə olaraq qalır. Çünki xəstəxanalar, soyuducu sistemləri, təcili yardım avtomobilləri, su sistemləri və humanitar logistika yanacaqla işləyən infrastruktura əsaslanır.