İnvestisiya marağı artır, zərgərlik tələbatı isə azalır

14:20 04.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yüksək qızıl qiymətləri səbəbindən zərgərlik məmulatlarına tələbatın azalması fonunda fiziki investisiya məqsədilə alınan qızıl bu il ilk dəfə olaraq ümumi qızıl tələbatında böyük paya sahib ola bilər.

Hafta.az “Metals Focus” konsaltinq şirkətinin hesabatına istinadla xəbər verir ki, qızıl ötən il son 44 ilin ən sürətli qiymət artımını nümayiş etdirib. Bu artım investorların qızıla marağını daha da artırıb. Pərakəndə investorların alışlarının çoxalması nəticəsində qızılın qiyməti yanvar ayında bir troya unsiyası üçün rekord həddə – 5 595 dollara yüksəlib.

Lakin sonradan qızılın qiyməti təxminən 20 faiz ucuzlaşıb. Bu isə bir çox fərdi investorun gözləntilərini doğrultmayıb. Eyni zamanda, İran münaqişəsi fonunda neftin bahalaşması bəzi ölkələrdə əhalinin gəlirlərini azaldıb və qızıla olan tələbatı zəiflədib.

Hesabata əsasən, qızılın qiyməti 2026-cı ilin ikinci yarısında yenidən artmağa başlayacaq. Şirkətin proqnozuna görə, münaqişənin tezliklə həll olunacağı halda qızılın orta qiyməti 43 faiz artaraq bir unsiya üçün 4 920 dollara çatacaq və yeni rekord göstərici müəyyənləşdirəcək.

Hesabatda qeyd olunur ki, 2026-cı ildə ümumi qızıl tələbatı 2 faiz azalacaq. Bu azalma əsasən zərgərlik sektorunda və mərkəzi bankların qızıl alışlarında gözlənilən geriləmə ilə əlaqədardır. Bununla yanaşı, investisiya məqsədli fiziki qızıl alışlarının artması ümumi tələbatdakı azalmanı qismən kompensasiya edəcək.

Hesabatda Rusiyanın qızıl satışlarını artırmasının da ümumi satış həcminə təsir göstərəcəyi vurğulanır.

Ötən il zərgərlik məmulatlarına tələbat 19 faiz azalıb. Qiymət artımı gözləntiləri, həmçinin geosiyasi və iqtisadi qeyri-müəyyənlik bəzi istehlakçıları zərgərlik məhsulları əvəzinə qızıl külçə və sikkələr almağa yönəldib.

Analitiklərin fikrincə, bu tendensiya cari ildə də davam edəcək. Fiziki investisiya məqsədli qızıl alışlarının 15 faiz artaraq 2013-cü ildən bəri ən yüksək səviyyəyə çatacağı və ilk dəfə zərgərlik məmulatlarına olan tələbatı üstələyəcəyi proqnozlaşdırılır. Bu artımda əsas payın Çin bazarının üzərinə düşəcəyi bildirilir.