ABŞ vətəndaşı Tomas Veyr Pauken xarici hökumətin agenti kimi fəaliyyət göstərməkdə və Çin kəşfiyyatı adından hərəkət etməkdə günahını etiraf edib.
Hafta.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 50 yaşlı Pauken uzun illər Çində yaşayıb, jurnalist kimi fəaliyyət göstərib və Çin mediasında Tomas Makqreqor təxəllüsü ilə çıxış edib.
Federal Təhqiqat Bürosunun məlumatına görə, o, 2019-cu ildən etibarən Çin Dövlət Təhlükəsizlik Nazirliyi də daxil olmaqla, kəşfiyyat orqanları üçün tapşırıqlar yerinə yetirib.
İstintaqın məlumatına əsasən, o, Çin kəşfiyyatının potensial əməkdaşları hesab etdiyi şəxslərlə görüşlər təşkil edib, onlara rabitə vasitələri təqdim edib və vasitəçi kimi çıxış edib. Bunun müqabilində ən azı 100 min dollar alıb.
Pauken Çin kəşfiyyatı üçün növbəti tapşırıq zamanı saxlanılıb. Bu ittiham üzrə onu 10 ilədək həbs cəzası gözləyir. Məhkəmənin sentyabrın 1-də keçiriləcəyi bildirilir.