Karantin bitdikdən sonra dərslər necə davam etməli - Aktual

19:13 20.04.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün əvvəl Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə” sərəncam verib.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il aprelin 20-dən mayın 2-dək (ilk tədris günü mayın 4-ü müəyyən edilir) Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.

Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu sərəncamın icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etməlidir.

Bəs tədris prosesi başladıqdan sonra müəllim və tələbələr hansı qaydalarla davam etməlidirlər, sosial məsafə saxlanılmalıdırmı, maska dərs prosesində lazımdırmı?

Bu barədə hafta.az-a danışan təhsil eksperti Kamran Əsədov dedi ki, koronoviris təhlükəsi ilə əlaqədar 3 martdan dayanan tədrisin 4 mayda başlanması gözlənilir:

"Çünki Nazirlər Kabineti yanında Operativ Qərəgah sonuncu dəfə karantin rejimini 4 maya qədər uzadıb. Amma 4 mayda tədris açılsa belə siniflər üzrə eyni vaxtda dərslərə başlamaq olmaz. Yəni 4 mayda ölkədə fəaliyyət göstərən 4447 orta məktəbdəki 1.6 milyon şagirdin dərsə başlamasını gözləmək olmaz. İlk növbədə koronavirisun az yoluxduğu müşahidə olunan və son 14 gün ərzində müşahidə olunmayan bölgələrdə tədrisə başlamaq lazımdır. Bu zaman isə ilkin mərhələdə IX, X, XI siniflər dərsə başlamalıdır. Bu, ona görə edilməlidir ki, şagirdlərin sayı siniflərdə azaldılsın, bir– biri ilə məsafəli otursunlar. İndiki halda bunun edilməsi mümkün deyil. Çünki sinif çatışmazlığı var. Bədən tərbiyəsi və digər şagirdlərin bir-birinə yaxın olacağı kütləvi dərslərin tədrisini başlamaq hələ tövsiyyə olunmur. Sonrakı mərhələdə isə V-VIII siniflərin məktəbə getməsinə imkan vermək lazımdır. Bütün hallarda isə hər gün məktəblər dezinfeksiya olunmalı, sanitar qovşaq gün ərzində bir neçə dəfə təmizlənməlidir. Bütün bunlarla yanaşı isə şagirdlərin məktəbə qoruyucu maska və əlcəklə getməsini həyata keçirmək lazımdır. May ayı ərzində isə dərslərin sayını 4 dərsdən artıq etmək olmaz.