Onun kababxanasını üç-dörd gün əvvəl işə gələrkən görmüşdüm. Baxdım ki, “kürə-manqal”ının bacası tüstüləyir. Üzbəüz bir kafenin qarşısında da tüstü gördüm. “Kürə-manqal”ın bacasından qorlu tüstü havalanırdı. Doğrusu, məni maraq götürdü. Dünən yolumu oradan – 2 saylı Tibb Kollecinin yaxınlığındakı kababxanalaran saldım. Daha doğrusu, karantin rejiminin daha da ciddiləşməsindən sonra müştərilərinə lülə və tikə kabab təklif edən kafelər indi səyyar xidmətə başlayıblar. Yəni, kafelərin ağzına qıfıl vurublar, ancaq sifariş qəbul edirlər.
Arif kişi Şuşadandır. Kafesi də 28 il əvvəl məcburən qoyub gəldiyi yurd yeri ilə adaşdır. Şuşaya qayıdacağıq, mütləq qayıdacağıq – deyir. Bu dəfə Şuşadan yox, çəkdiyi kabablardan danışacağıq. Söhbətə nədən və necə başlayacağımı fikirləşə - fikirləşə -dayı, kababın neçəyədi? – soruşuram:
-Tikə və lülə dörd manat, kartof və pomidor isə 3 manat. Amma daha çox erkək ətindən kabablar veririk.
-Bəs kilosu neçəyədir?
-17 manat, oğul.
-Bəs niyə baha?
-Ətin qiymətindən xəbərin var? Əvvəl 13 manata satırdıq kababın kiloqramını, sonra ətin qiyməti qalxdı. Quzu ətinin kiloqramı 12-13 manatadır.
Təsdiqləmək üçün başımı yelləyirəm. O kabab çəkir, mən də kababın buğunun altında kababçı ilə söhbətləşirəm. Soruşuram ki, kafelərə adam qəbul edirmi? – Sən nə danışırsan, tutsalar 100 manat cərimə yazarlar-deyə cavab verir. Arif kişi deyir ki, koronavirus pandemiyasının ilk günlərində kafesi məhdud şərtlərdə işləyib. Sonra hər şey sərtləşib və qapısına qıfıl vurub: “Əvvəlcə axşam saat 6-ya kimi işləməyə icazə verdilər. Sonra gündüz 16:00-a qədər işlədik. Ardınca 12-yə kimi... Daha sonra kafelərin hamısını bağladılar”.
Həmsöhbətim deyir ki, kafelər bağlanandan sonra ancaq sifarişə işləyirlər. Özü də köməkçisi ilə birgə. Əvvəlki kimi gəlirləri olmadığını söyləyir. Amma buna da şükür-deyir: “Əvvəllər günə iki-üç quzu kəsirdik. Ondan yarım cəmdək qalardı. İndi isə cəmi bir quzu kəsirik və iki günü yola verir. Bir çox kababçılar qiyməti qaldırdı. Koronavirusa görə, çünki ziyana işləyirlər. Arenda pulu verirlər. Mən qaldırmadım. Çünki öz yerimdir. Heç kimə pul ödəmirəm. Həm də camaatın durumu pisdir. Allah göydən baxır. Camaatın cibinə girmək olmaz”.
Kababımız hazırdı. Bir qaba tökür. Plasmast qutuya qoyur, içinin halqalı soğanlarını buğlu ətin üzərinə yayır. Kəklikotunuz olmaz?-deyə Arif kişinin köməkçisindən soruşuram. Var-deyir. Üzərinə səpir. Arif kişi zarafatından qalmır:
-Deyəsən, biz tərəflədənsən, dağ adamısan? Nəyi nə ilə yeməyi bilirsən (gülür).
4 manatımı verib söhbətə kabab yeyə-yeyə davam edirəm. Asqı yerini göstərib əti mağazadan aldıqlarını ya özləri kəsdiyini soruşuram: “Özümüz kəsirik. Amma ta burada, göz önündə kəsməyə icazə vermirlər. Biz də binaların arasında kəsib-soyduqdan sonra dükana gətiririk. Burada əti şaqqaladıqdan sonra lüləlik və tikəlik hissələrə ayırırıq”.
Kababçımız onu da əlavə edir ki, karantin dövründə hər gün 10-15, bəzən 15-20 sifariş alır: “Eləsi var ki, evinə aparır. Adam var ki, cavan oğlu ilə həyətə düşür, qonşudur, kabab yeyib evə gedirlər. Bəzi cavanlar da 3-4 nəfər bir maşınla gəlir. Yaxındakı dükandan gedib çörəyini, suyunu alır. Oturub maşında yeyib-içirlər. Oğul, bu karantin rejimi hamını birtəhər edib. Amma can sağlığı da hər şeydən önəmlidir. Özümüzü qorumalıyıq”.
Elə bu vaxt qara “Meredes” dayandı. İçərisindən iki gənc düşdü. 2 şiş kabab sifarişi verib mağazaya getdilər. Arif kişi –bayaq dediyim bax bunlardır, oturub maşında yeyəcəklər. Maşını kafeyə çeviriblər (gülür) – dedi.
Arif dayı ilə sağollaşıb yaxınlıqdakı başqa kababçılarla söhbətləşirəm. Deyirlər ki, müştərilər azalıb. Səyyar satış sifarişləri yerinə yetirməklə dolana bilmirlər. Bəzi hallarda isə kababdan qalan cəmdəkləri ət kimi satırlar, yəni kiloqramla. Bu isə onlara sadəcə ziyandan çıxarmağa kömək edir. Mənfəət gətirmir.
Alıcılar isə daha çox pomidor və kartof kabablarına pul xərcləyirlər. Çünki qiymətləri o birilərinə baxanda ucuzdur. Bir manat fərq edir.
Kafelərinin önündə “kürə-manqal” qurdurmuş bütün kafe sahibləri karantin dövründə ona “çörək ağacı” kimi baxdıqlarını söylədilər. Hər kəs ümid edir ki, aprelin 20-də “Çindən gələn kabus” bitəcək.