Amazon Prime Video yeni cizgi seriyası “Secret Level”in ulduzlarla zəngin səs heyətini elan edib.
Hafta.az-ın “Variety”a istinadən yazdığına görə, New York Comic-Con-da serial üçün təşkil edilən paneldə verilən şərhdə komediya ustası Kevin Hartın, həmçinin “Terminator”un ulduzu Arnold Şvartsenegger və “Con Uik”in baş rol ifaçısı Keanu Rivzin də aktyor heyətində olduğu açıqlanıb.
Layihədə iştirak etməyi planlaşdıran digər adlar arasında Temuera Morrison, Ariana Qrinblat, Heven Hart, Emili Şallov, Qabriel Luna, Rikki Uittl, Patrik Şvartsnegger, Merle Dandrid, Klavdia Doumit və Adeul Akinnuoye-Agbaje var.
15 hekayədən ibarət olacaq “Secret Level” dekabrın 10-da Prime Videoda başlayacaq.
Bildirilir ki, seriya “Armored Core”, “Dungeons & Dragons” və “Spelunky” kimi məşhur video oyun dünyalarında qurulan hekayələri əhatə edir.
Serial həm də icraçı prodüser olan Tim Miller tərəfindən yaradılıb. Deyv Uilson icraçı prodüser və nəzarətçi direktor kimi fəaliyyət göstərir.
Hər həftə iki bölüm olaraq yayımlanması planlaşdırılan serial Amazon MGM Studios və Blur Studio tərəfindən hazırlanır.
Blur və Miller daha əvvəl Netflix-in məşhur "Love, Death + Robots" cizgi antologiyasını yaratmışdılar. Bu serialın üç sezonu artıq yayımlanıb. Həm tənqidçilər, həm də izləyicilər tərəfindən bəyənilən serialın 4-cü sezonu yoldadır.