“Rəhmətlik Gizir Xanını 2000-ci ildən tanıyırdım. O vaxt mən Ağdam rayonunun Xındırıstan kəndi ərazisindəki hərbi hissələrdən birinin qərargahında əməliyyat və döyüş hazırlığı bölmə rəisi kimi çalışırdım. O günlər tanış olduq. Xanı o vaxt kəşfiyyat bölüyünün tağım komandiri idi. Kəşfiyyatçıydı və praktiki təcrübəsi geniş idi, ərazini çox yaxşı bilirdi. Mən də əməliyyatçıydım. O zaman atəşkəs dövrü olsa da, mütəmadi olaraq komandirin əmrilə birgə düşmən arxasına kəşfiyyata gedirdik. Biz bütün əməliyyatları qanuna uyğun şəkildə həyata keçirirdik. Məlumatlar gəlirdi, onları xəritədə qeyd edirdik. Hansı düşmən postunda nə baş verir, hərəkət istiqamətləri, maskalanma və digər detalları yazırdıq. Gündəlik işləri və tapşırıqları da müntəzəm olaraq yerinə yetirirdik. Bütün bu işlərdə Xanı yetərincə fəal və dürüst idi”.
Bunu hafta.az-a açıqlamasında bu günlərdə Ağdam ərazisində mina partlaması nəticəsində şəhid olmuş Birinci Qarabağ savaşı və 44 günlük müharibə dövründə cəsur kəşfiyyatçı kimi tanınmış “Gizir Xanı” ləqəbli Səyyaf Əhmədov barədə xatirələrini danışan Qarabağ qazisi, keçmiş tabor komandiri Azay Kərimov söyləyib.

“Yadımdadır, Xanı ilə bir dəfə düşmən arxasına kecdik. Xeyli iş görduk, geri qayıdanda, qəfil qabagımıza yerin altından bir qapı acıldı və icəridən işiq göründü.Təsadüfən erməni yeraltı qazmasının üstünə cıxmışdıq. Xanı cəld çölə cixan ermənini avtomatla vurdu, icəridə səs-küy qopdu, ardınca da qazmanın icərisinə 2-3 əl qumbarası atdıq və bununla da ermənilərin səs-küyü bitdi”, - davamında Qarabağ qazisi bunu nəql edib.
Həmsöhbətimiz mərhum kəşfiyyatçının cəsur bir döyüşçü olmaqla yanaşı, eyni zamanda ziyalı və sakit təbiətli insan olduğunu xatırlayır:
“İşini sevən, bacarıqlı, şəxsi heyətlə yaxşı işləyən bir adam idi. Bütün tapşırıqları can-başla yerinə yetirirdi. Onun işinə verdiyi dəyəri heç kim inkar edə bilməz. Xidməti dövründə onun heç bir neqativ əməlini görmədik. Butün briqadanın şəxsi heyəti onu çox sevirdi. Yalnız ona görə yox ki, o, cəsarətlə, ölümünü gözə alaraq düşmən arxasına kəşfiyyata gedirdi. Xanı həm də insani keyfiyyətlərinə görə çox hörmətli bir adam idi. Onu hər kəs sevirdi, çünki hər zaman düşmənə qarşı mübarizədə ön sırada idi.O, insanlıq və mərdlik baxımından tam nümunə idi. Duruşu, yeri, oturuşu, hər bir hərəkəti ilə özünə hörmət qoyan adam idi. Allah rəhmət eləsin, bu cür insanlar, belə cəsur döyüşçülər, kəşfiyyatçılar hər zaman yad ediləcəkdir...”
Sultan Laçın