Azərbaycanda son illərdə əhalisinin sayı ən sürətlə artan yaşayış məntəqəsi Abşeron rayonudur. Statistik məlumatlara əsasən, bu rayonun əhalisinin sayı 2015-2023-cü illər arasında iki dəfədən çox artaraq Sumqayıt və Gəncə şəhərlərini geridə qoyub. Belə ki, 2015-ci ildə Abşeron rayonunda 205 min insan qeydiyyatda olub, 2020-ci ilin sonunda 430 min nəfərə, 2023-cü ilin sonunda 433 min nəfərə çatıb.
Rayon əhalisinin sayının sürətlə artmasında inzibati mərkəz olan Xırdalan şəhərinin və qəsəbələrin böyüməsinin xüsusi rolu olub. 2023-cü ilin sonunda Xırdalan şəhərinin əhalisinin sayı 196 min nəfərə çatıb. İndi Xırdalan şəhəri əhali sayına görə Bakı, Sumqayıt və Gəncədən sonra Azərbaycanın dördüncü ən böyük şəhəridir. Xırdalandan başqa, Saray qəsəbəsində (37,7 min nəfər), Mehdiabad qəsəbəsində (20,5 min nəfər), Qobu (17,5 min nəfər) və Hökməli (17,1 min nəfər) qəsəbələrində də əhali sayı çoxdur. Rayon əhalisinin önəmli hissəsini gənclər təşkil edir. Əhalinin, təxminən, 43 faizi gənclərdən ibarətdir. Yaşı 35-ə qədər olanlar isə rayon əhalisinin 50 faizindən çoxunu təşkil edir. Əhalinin gənc olmasını pensiyaçıların sayındakı dəyişiklik də təsdiqləyir. 2015-ci ildə rayonda 11 572 nəfər yaşa görə pensiya alırdı. Amma 2023-cü ilin sonunda əhalinin sayının 2 dəfədən çox artmasına baxmayaraq, yaşa görə pensiya alanların sayı 10 358 nəfərə düşüb.
Qeyd edək ki, Azərbaycanda urbanizasiya prosesi ötən əsrin 90-cı illərinin ortalarından başlayıb. Mütəxəssislərin fikrincə, ölkəmizdə urbanizasiya prosesi dünya təcrübəsindən bir xeyli fərqli gedir. Yəni bütün ölkə ərazisindən insanlar yalnız bir istiqamətə - Bakı və Abşeron yarımadasına axışırlar. Bütün iqtisadi fürsətlər bu ərazidə cəmləşib. Qeyri-rəsmi məlumatlara görə, əhalinin, az qala, 40 faizə yaxını bu yarımadada məskunlaşıb ki, bu da regionların inkişafına mane olan əsas amillərdən biridir.
Abşeron rayonunun sürətlə böyüməsinin əsas səbəblərindən biri paytaxt Bakının yaxınlığında yerləşməsidir. Bu yaxınlıq insanlara daha tez iş tapmaq və şəhər mərkəzində işləmək imkanı verir. Nəticədə, Bakının şəhərətrafı zonalarına köçü artırır. Eyni zamanda, Bakı şəhərinin mərkəzində mənzil qiymətləri yüksək olduğu üçün insanlar daha münasib qiymətə ev ala biləcəkləri Abşeron rayonuna üz tuturlar. Yeni yaşayış komplekslərinin inşası və ipoteka imkanları da bu tendensiyanı gücləndirir.
Ekspertlər hesab edirlər ki, Abşeron rayonunun sürətli inkişafı və urbanizasiyası gələcəkdə bir sıra fəsadlara səbəb ola bilər. Belə ki, sürətli tikinti və sənaye fəaliyyətləri nəticəsində torpaq, hava və su çirklənməsi artacaq. Yaşıllıq sahələrinin azalması və tullantıların düzgün idarə edilməməsi də bu prosesi daha da dərinləşdirəcək. Əhalinin artması ilə nəqliyyat infrastrukturu yüklənəcək, tıxaclar daha tez-tez baş verəcək ki, biz artıq həmin istiqamətdə bunu müşahidə edirik. Sürətli əhali artımı kommunal xidmətlərə tələbatı yüksəldəcək, nəticədə bu xidmətlərin çatışmazlığına səbəb olacaq. Məktəb, xəstəxana və digər ictimai xidmətlərin sayı artan əhaliyə yetərsiz qala bilər. Bu da xidmət keyfiyyətinin azalmasına gətirib çıxaracaq.
Bundan başqa, yaşayış massivlərinin genişlənməsi nəticəsində təbii yaşayış mühitləri məhv olduğundan bu, flora və faunaya mənfi təsir göstərir. Sürətlə aparılan tikintilər isə bəzən keyfiyyətsiz ola bilər və bu ciddi təhlükəsizlik riskləri yaradar. Eyni zamanda, ərazidə qeyri-qanuni tikililərin sayının sürətlə artmasına səbəb ola bilər. Məhz kortəbii məskunlaşmanın nəticəsidir ki, hazırda ölkədə qanunsuz tikililər ən çox Bakı və Abşeron yarımadasının payına düşür. Sənədsiz evlər paytaxtın mərkəzi hissələrində deyil, kənar ərazilərində yerləşir.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli deyib ki, əhalinin kəndlərdən şəhərə axın etməsi, rayonların, kəndlərin boşalması, şəhərdə həddindən artıq sıxlıq yaranması, aqrar sektorda çalışanların azalması, o cümlədən, şəhərlərdə işsizlik probleminin artmasına səbəb olur. İnsanların rahat həyat arxasında şəhərə üz tutması son nəticədə paytaxt şəhərlərdə qarşısıalınmaz problemlərin yaranmasına gətirib çıxarır:
“Təbii ki, kortəbii urbanizasiya zərərlidir, iqtisadiyyatın birtərəfli inkişafına səbəb olur. Şəhər böyüyür, regionlar, kəndlər boşalır. Aqrar sahə, kənd təsərrüfatı geriləyir. Planlı urbanizasiyada isə bütün amillər nəzərə alınır. Regionlarda iqtisadi imkanlar genişlənir, sənaye müəssisələrinin sayı artır, kənd təsərrüfatı, aqrar sənaye inkişaf edir, əhalinin gəlirləri çoxalır və şəhərə axına ehtiyac qalmır. Son illər şəhərə artan köç nəzarət olunmayan neqativ urbanizasiyadır. Bunun da bir sıra səbəbləri var. İlk növbədə burada məşğulluq ən ciddi faktorlardan biridir. Azərbaycanda mərkəzə axın ona görə baş verir ki, iqtisadiyyatın 80, maliyyə resurslarının 85, əmək bazarının isə 75 faizi Bakının payına düşür. Yüksək səhiyyə xidməti də paytaxtdadır. Rayonda iş tapmayan Bakıya gəlib tikintidə, xidmət sektorunda günəmuzd və ya müqaviləylə işləyir. Ona görə də tarazlıq pozulur, şəhərdə sıxlıq yaranır".
Ekspertin sözlərinə görə, mövcud problemin həlli biznesin, özəl sektorun inkişafı üçün ciddi addımlar atmaqdan keçir:” Biz bu istiqamətdə müvafiq addımlar atmalıyıq ki, insanlar iş tapmaqda çətinlik çəkməsinlər, fərdi sərbəstliyini təmin edə bilsinlər. Xüsusilə Azərbaycan iqtisadiyyatının iki sahəsi - turizm və kənd təsərrüfatı sahələri mərkəzdən regionlara doğru getdikcə məşğulluq və sahibkarlıq biznesi yaratmaq imkanlarını daha da genişləndirilməlidir. Bu sahələrin inkişaf etdirilməsi istiqamətində strategiyalar məhz regionlarda rifahın yüksəlməsinə gətirib çıxara, sahibkarların və investisiyanın bu sahəyə cəlb olunması ilə bağlı iqtisadi əsaslar yarada bilər. Əks təqdirdə mövcud problem daha da dərinləşəcək və bu istiqamətdə “partlayış” baş verəcək”.