Kərkicahanda böyük həvəslə yaşayardım... - Flora Qasımova

17:48 10.02.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə 33 ildən sonra ilk dəfə Xankəndidə olmuş şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, 122 saylı Xankəndi Seçki Dairəsindən sabiq deputat Flora xanım Qasımova hafta.az-a müsahibəsində ziyarətin təəssüratları haqqında danışdı, böyüyüb boşa-başa çatdığı Kərkicahan qəsəbəsi barədə xatirələrini söylədi.

– 33 ildən sonra ilk dəfə Xankəndi ziyarətiniz zamanı hansı fərqli duyğuları yaşadınız?

– İnanırsınız, öncədən müəyyən edilmiş tarixdə Xankəndiyə gedəcəyimiz mənə xəbər ediləndən sonra həyəcandan iki gecə yata bilmədim. Doğma şəhərimizdən ayrılıb Bakıya döndükdən sonra isə üç gecə yuxusuz qaldım. İnsan öz doğulduğu, amma artıq üç onillikdən çox bir müddətdə görmədiyi məkana dönəndə həm sevinc, həm kədər hisslərindən yoğrulmuş çox qarışıq və izaholunmaz hisslər yaşayır...

Xankəndiyə Bərdə–Ağdam–Xocalı–Şuşa yolu ilə gəlib, “Xan bağı” deyilən gözəl tarixi məkanın yanından daxil olduq. Hələlik, özünün əsl sakinləri – Azərbaycan vətəndaşları ilə məskunlaşdırılmamış Xankəndiyə girişdə ölü, nimdaş bir şəhər ab-havası duyursan. Şəhərə girən əsas yolun asfaltı çat-çatdır...

Orada bizsiz yaşadıqları 34-35 illik dövrdə, sovet dövründən bəri tikilmiş köhnə binaların əksəriyyəti, demək olar ki, təmir edilməyib, üzlüklər, suvaqlar qopub-tökülür. Demək olar ki, həm həyət evlərinin, həm də binaların həyətlərində doğranmış odunlar yığılıb. Görünür, ötən qış Ermənistandan gələn xətdə qəza baş verməsi səbəbindən Yuxarı Qarabağa təbii qaz verilişi dayandığı zaman ermənilərin gördüyü odun tədarükünün nəticələridir. Öyrəndik ki, işğaldan öncə işləyən iri müəssisələrin çoxu dayanıbmış: İpək Kombinatı, Mebel Fabriki, Ayaqqabı Fabriki. Deyəsən, İpək Kombinatını söküb yerində bina tikiblər...

Amma işğal dövründə Xankəndi pərakəndə, plansız şəkildə olsa da, genişlənib. Şəhərin mərkəzində bir neçə “rəsmi” bina tikilib: qondarma “parlament”lərinin binası, “veteranlar binası”, orta məktəb binası və s.  Bir neçə yerdə 4-5 mərtəbəli yaşayış evləri tikilib. Ən çox tikilən dəbdəbəli həyət evləri villalardır. Bizi müşayiət edən ANAMA əməkdaşı Kərkicahandan qayıdarkən keçmiş yay kinoteatrı və hərbi hissə yaxınlığında belə villardan birini göstərib, “Hazırda Bakıda həbsdə olan keçmiş separatçıbaşı Bako Saakyanın villasıdır”, – dedi...

– Xankəndidəki ata yurdunuzu görə bildinizmi?

– Ata yurdumuzu 35 ildən sonra görmək mənim üçün çox ağır oldu... Sovet dövründə Spandaryan adlanan, sonradan isə Azərbaycan dövlətinə, xalqına qarşı döyüşlərdə ölmüş işğalçı hərbçilərdən biri olan Xaçaturyanın adı verilmiş küçədəki evimiz çox dəyişilib. İşğalçılar evdə yaşayıblar. Otaqlarımız yaşayış üçün bərbad vəziyyətə düşsə də, yerindədir. Ermənilər həyətimizdə əlavə olaraq bir talvar da tikiblər. Həyətin digər başında isə başqa biri əlavə ev tikib.   

ANAMA əməkdaşı dedi ki, Xankəndidə, demək olar, bütün evlərdən silah-sursat tapılıb. Gözümüzün qabağında bizim otaqların birindən də xeyli atıcı silah gülləsi aşkar edildi...

– Həyətinizdəki ağacları xatırladınız, salamat qalanı var?

– Bəzi ağaclar qalıb. Bir böyük tut ağacımız var idi – o, daha da böyüyüb. Həyətdə də bir neçə iri çəllək var idi. Görünür, onlara tut yığıb tut arağı çəlləkləri düzəldirmişlər işğalçılar...

– Kərkicahan qəsəbəsinə getdiniz, yəqin ki?

– Getdik, Kərkicahanın aşağı hissəsində “Soyuq bulaq” deyilən  məşhur  bulaqdan su da içdik. Deyilənə görə, Soyuq bulaq saxsı borularla çəkildiyindən buz kimi olur. İndi gedənlər həmin bulağın üstünə Kərkicahan şəhidlərinin şəkillərini vurublar. Eşitdik ki, Bako Saakyanın villasında yaşayan iki yaşlı erməni ər-arvad da gəlib Kərkicahandakı bulaqdan su aparır..

Vaxt az olduğu üçün Yuxarı Kərkicahana gedə bilmədik. Aşağı Kərkicahanda iki köhnə kərkicahanlı ilə rastlaşdıq – məni tanıdılar, çox şad oldular. Onlarla qəsəbənin hazırkı vəziyyəti ilə bağlı bir az söhbət etdik. Cavanlıqda həmişə deyərdim ki, məni Aşağı Kərkicahandan buraxsalar, gedib hər yeri taparam. İndi də həmin kərkicahanlıların yanında dayanıb bir-bir dedim ki, bu yol filan küçəyə tərəf gedir, o biri yol digərinə. Cavab verdilər ki, düz deyirsiniz. Sevindim ki, 35 ildə doğma yurdumuzu unutmamışam...

Küçələrin birində dağdağan ağacı gördüm. Yadıma düşdü ki, onun yanında camaatın “ocaq” dediyi və müqəddəs saydıqları bir yer vardı. Hərdən adamlar toplaşıb halva çalırdılar, çay qoyurdular, biz uşaqları da dəvət edirdilər...

Kərkicahanın məktəbini tamam söküb, yerində hansısa erməniyə ikimərtəbəli böyük şəxsi ev tikiblər...

Yollar palçıq olduğundan, nə Kərkicahanın, nə də Xankəndinin qəbiristanlığına gedə bilmədik. Əvvəl camaatdan gedənlər olub – məzarların çoxunu ermənilər dağıdıb, hətta deyilənə görə, elə qəbir var ki, içindəki azərbaycanlı cəsədini çıxararaq kənara atıb yerində erməni basdırıblar...

Tavat müəllimə vardı Kərkicahanda – onu xatırladım. Bizim ibtidai sinif müəllimi olmuşdu. Onun oğlunun evini öz gözümlə gördüm, tamamilə dağıdıblar – divarları qalıb... O evdən bir az aşağıda, yadımdadır ki, əski əlifba ilə yazılmış qəbir daşları vardı. Sonralardan anladıq ki, sən demə, həmin məzarlıq bəlkə də Pənahəli xanın dövründən qalıbmış. Sovet dövründə, təxminən, 60-cı illərdə mən hələ orta məktəbdə oxuyanda həmin qəbiristanlığı buldozerə verib yerində uşaq bağçası tikdilər. Heç kəs də fikir vermədi. Çox təəssüf. Bilirsiniz, bizi qondarma “beynəlmiləlçilik” ideologiyası ilə tərbiyə edir, keçmişimizdən doğru-dürüst danışmır, tariximizi öyrətmirdilər. Elə başımıza gətirilən faciələrin kökündə də bu dayanır...

–   İnşAllah, Xankəndi, Kərkicahan camaatı da hamısı öz yurdlarına qayıdıb buralarda ömürlük məskunlaşdıqdan sonra, sizin bu yerlərdə yurd salmaq fikriniz varmı?

–   Bilirsiniz, Kərkicahan qəsəbəsi Xankəndidən hündürdə yerləşir. Orada durursan, bütün şəhər ayağının altında qalır və Xankəndinin bütün gözəl panoraması görünür... Özü də mən Kərkicahanda doğulub boya-başa çatmışam. Beşinci sinfə qədər orada oxumuşam, anam ibtidai sinif müəllimi işləyib. Kərkicahan camaatından çox hörmət görmüşük. Xeyirdı-şərdə anamı həmişə məclisin başında əyləşdirərdilər... Bir sözlə, o yurdun ab-havası mənim üçün çox doğmadır. Mən Kərkicahanda böyük həvəs və məmnuniyyətlə yurd salıb yaşayardım...

–   Yəqin ki, Xankəndidə növbədənkənar Prezident seçkilərinə hazırlıq işlərinin də şahidi oldunuz?

–   Bəli, 33 ildən sonra Dövlətimizin, Xalqımızın, Ordumuzun gücü-qüdrəti, şəhid və qazilərimizin canı-qanı sayəsində işğaldan azad edilmiş Xankəndidəki ilk Prezident seçkiləri ərəfəsində bu doğma şəhəri ziyarət etməklə təsəvvürolunmaz qürur və fərəh hissi yaşadım...

Xankəndidə keçmiş vilayət komitəsinin binasında 122 saylı Xankəndi Seçki Dairəsindən 14 saylı seçki məntəqəsinə baş çəkdik.  Seçkilərə fəal hazırlıq işləri gedirdi. Öyrəndik ki, şəhərdəki hərbi hissələrin birində seçki məntəqəsi yaradılıb.  Xankəndidə hazırda hərbçilərlə yanaşı, polislər, digər dövlət qurumları, xidmətlərin, özəl təşkilatların əməkdaşlarının həvəslə seçkilərə hazırlandığı hiss olunurdu...

–   Xankəndidə müstəqillikdən öncə iştirak etdiyiniz sonuncu seçkilər yadınızdadırmı?

–   Xankəndidə 1976-cı ilədək yaşamışam. Ailə qurandan sonra rəhmətlik Şirin Mirzəyevin işi ilə əlaqədar oradan köçməli olmuşuq. Yadımdadır ki, səhv etmirəmsə, doğma şəhərimizdə iştirak etdiyim sonuncu seçki 1973-cü ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinə seçkilər olub. O zaman mən  deputatlığa namizəd  olmuşam və özüm də seçkilərdə səs vermişəm. Həmin seçkilərdə vilayət sovetinə üzv seçilmişəm və 1976-cı ilədək deputat kimi fəaliyyət göstərmişəm. O da yadımdadır ki, vilayət soveti olan binanın birinci mərtəbəsində Komsomol Təşkilatı, ikinci mərtəbəsində Şəhər Soveti yerləşirdi. Mənim də iş otağım ikinci mərtəbədə idi. Bu dəfə  işğaldan azad Xankəndidə qarşısında, artıq üçrəngli Azərbaycan bayrağı dalğalanan həmin binanın önündə dayananda müstəqil Azərbaycan vətəndaşı kimi bambaşqa hisslər yaşadım...