Paytaxda koronavirus pandemiyasına qarşı təmizlik və dezinfeksiya işlərinə ciddi əməl edilir. Lakin şəhərimizin elə yerləri var ki, antisanitariya yuvasına çevrilib. Belə yerlərdən biri də Yeni Günəşli qəsəbəsində yerləşən Kərpic Zavodunun ərazisi, Dərə deyilən yerdir. Məişət tullantıları və digər tullantılar sözügedən əraziyə atılır. Həm də həmin ərazi daş və qum bazarına çevrilib.
24 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimləri hafta.az-a şikayətləndilər ki, zibil ərazidə natəmizlik yaradır və eləcə də şüalanma mənbəyinə çevrilib:
”Bu da qəsəbə sakinlərinin və xəstəxanada yatan xəstələrin sağlamlığına mənfi təsir göstərir. Məişət tullantıları aylarla yığılıb qalır. Yoluxucu xəstəliklər də məhz natəmizlikdən yaranır. Güclü küləklər əsəndə ərazi ağ dumana bürünür. AB massivində marşrut yolunun kənarında və xəstəxananın ərazisindəki, yaşıl zolaqlar, ağacların üstü tamamilə toz olub. Bu səbəbdən də küləkli günlərdə xəstəxananın otaqlarının pəncərələrini açmaq olmur. Xatırladaq ki, yayda havalar quraqlıq olduğundan toz duman kimi ətrafa yayılır, onda da həmin ərazilərdən keçmək mümkün olmur. Bir yandan isti, digər tərəfdəndə tozlu havada nəfəs almaq çətinləşir və toz şəklində mikroblar insanın hava vasitəsi ilə ciyərlərinə dolur. Sözsüz ki, bu da insan orqanizmində mənşəyi məlum olmayan xəstəliklərin yaranmasına səbəb olur”.”.
AB massivində yaşayan qəsəbə sakinləri də eyni fikri söylədilər. Dedilər ki, qumun, daşın tozu qəsəbəni ağuşuna alır. Külək əsəndə toz pəncərələrdən mənzillərə dolur:
”Yayda şam və sərv ağaclarının budaqları toza bələndiyindən quruyub tələf olurlar. Həmin ərazinin təmizliyinə baxan yoxdur. Qəsəbə ərazisində də qum, daş bazarı olarmı? Bu haqda aidiyyatı qurumlara müraciət edilsə də, gəlib bir tədbir görən yoxdur”.