Kiçik və orta sahibkarlığın inkişafı - başlıca hədəflər

16:39 18.08.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda azad sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması iqtisadi siyasətin başlıca prioritetidir. Dünyada baş verən son proseslər göstərdi ki, bu sahənin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət öz bəhrəsini verməkdədir. Qeyd edək ki, sahibkarlığın inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində 2020-ci ildə də nüfuzlu beynəlxalq qurumların reytinqlərində Azərbaycan iqtisadi göstəricilərinə görə ön sıralarda yer alıb. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Eyni zamanda, Dünya Bankı tərəfindən Azərbaycan növbəti dəfə 10 ən islahatçı ölkə sırasına daxil edilib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında da ölkəmiz bir sıra göstəricilər üzrə ən qabaqcıl yerlərdədir. Bundan əlavə Heritic Fondunun 2020-ci ilin nəticələrinə əsasən elan etdiyi İqtisadi Azadlıq İndeksinə görə Azərbaycan 38-ci pilləyə yüksəlib.

Yəni, Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların sərbəst, maneəsiz işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Postneft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabət qabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökumət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür. Təsadüfi deyil ki, koronavirus pandemiyasının təsirindən yaranmış dərin maliyyə böhranı bir sıra ölkələrdə iqtisadiyyatın tənəzzülə uğramasına və sosial gərginliyin artmasına gətirib çıxardığı bir vaxtda ölkəmiz qlobal böhranın təsirindən maksimum dərəcədə qoruna bilib, sosial-iqtisadi inkişaf, vətəndaşlarımızın rifah halının yüksəldilməsi tədbirləri ardıcıl davam etdirilib.

Statistik məlumatlara əsasən, məhz biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən tədbirlərin nəticəsində son 17 ildə sahibkarlıq subyektlərinin sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı 2 dəfə, kiçik müəssisələrin sayı 2 dəfə, fərdi sahibkarların sayı 5 dəfə artıb.Biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən tədbirlər nəticəsində 2004-2021-ci illərdə ölkəmizin qeyri-neft ixracı 4 dəfə çoxalıbr. Müstəqillik qazandıqdan sonra ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub. Həyata keçirilən məqsədyönlü siyasət və struktur islahatları sayəsində 2020-ci ildə ölkəmizdə makroiqtisadi sabitlik təmin edilib, iqtisadi artım prosesləri sürətlənib və iqtisadiyyatın dayanıqlı inkişafı yeni mərhələyə daxil olub.

Sahibkarlığın inkişafına dövlət dəstəyi göstərilməsi sayəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi işləri də davam etdirilir. Bu prosesin dövlət büdcəsinə əlavə yük yaratmadan həyata keçirilməsi üçün kreditləşdirmədən geri qaytarılan vəsaitlərdən istifadə edilir. İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən iqtisadiyyata güzəştli kredit dəstəyi çərçivəsində 2020-ci il ərzində 908 sahibkara 127 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 2700-dən çox yeni iş yerinin açılması imkanı yaranıb.Son illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilmiş güzəştli kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75 faizi regionların, 25 faizi Bakı qəsəbələrinin payına düşür. Digər tərəfdən, kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad edilməsi, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, investisiyalar və ixracın təşviqi, digər dövlət dəstəyi mexanizmləri regional inkişafın sürətləndirilməsində mühüm rol oynayır. Bu inkişafın daha bir göstəricisi regionlar üzrə vergi daxilolmalarının artmasıdır. 2005-ci illə müqayisədə 2020-ci ildə regionların qeyri-neft sektoru üzrə ümumi vergi daxilolmalarının xüsusi çəkisi 2 dəfə artaraq 15 faizə çatıb. Əmək bazarının leqallaşması və yeni iş yerlərinin yaradılması hesabına ötən il məcburi dövlət sosial sığorta haqqı üzrə regionlardan daxilolmalar 28 faiz artıb, o cümlədən qeyri-dövlət sektorunda artım 50 faiz olub. İşsizlikdən sığorta haqqı üzrə regionların daxilolmaları 39 faiz, o cümlədən qeyri-dövlət bölməsində 70 faiz artıb.

Mütəxəssislər isə hesab edirlər ki, əldə edilmiş uğurların davamlılığının təmin olunması sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini, sahibkarlara, xüsusilə də kiçik və orta sahibkarlara göstərilən texniki, maliyyə, hüquqi, metodiki və s. xidmətlərin əhatə dairəsinin genişləndirilməsini, keyfiyyət səviyyəsinin daha da artırılmasını zəruri edir, bu sahədə institusional yanaşmanı şərtləndirir.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən İqtisad Universitetinin professoru Əli Əlirzayev bildirib ki, sahibkarlığa bazar iqtisadiyyatının ilkin şəraiti kimi baxmaq lazımdır:

“Bazar iqtisadiyyatı şəraitində onun tədqiqi və təşkili, planlı təsərrüfatdan fərqli olaraq, bazar iqtisadiyyatı qanunlarına uyğun həll olunur. Bazar iqtisadiyyatı və sahibkarlıq arasında üzvü əlaqə və qarşılıqlı münasibət, məhz sahibkarlığın təşkili formalarını meydana gətirir. Sahibkarlığa bazar iqtisadiyyatının ilkin şəraiti kimi baxmaq lazımdır. Bu şəraitin yaradılması formalaşmış iqtisadi sistemin xarakterindən, məzmunundan, iqtisadi sistemin məqsəd və perspektiv inkişafından asılı olaraq reallaşdırılır. Sahibkarlaq və mülkiyyət münasibətləri arasında əlaqə, bir-birini tamamlama onun inkişafının və bazar münasibətlərinin yaranmasının ilkin şərtidir. Bununla əlaqədar olaraq sahibkarlığın forma, məzmun və təşkili xarakterinin, inkişaf qanunauyğunluqlarınn aşkar edilməsi iqtisadi inkişaf konsepsiyası baxımından mühüm əhəmiyyət kəsb edir. İqtisadi inkişafın əsas göstəricilərinin dinamik artımı sahibkarlığın inkişafı ilə əlaqədə təhlil olunduqa onun iqtisadi və sosial səmərəsi meydana çıxır. Bu yanaşma sahibkarlığın təşkilati struktur kimi mahiyyətini təhlil etməyə sövq edir. Ona görə də sahibkarlığa iqtisadi artım baxımından rəqabət qabiliyyətli təsərrüfatçılıq və əhalinin işlə təmin olunması məqsədilə təşkil olunan fəaliyyət kimi yanaşma vacidbir. Bazar iqtisadiyyatının təşkili maddi nemətlərin bolluğu və ölkənin iqtisadi təhlükəsizlik konsepsiyası baxımından sahibkarlığın tənzimlənməsini də zəruri edir. İqtisadi ədəbiyyatlarda sahibkarlığın mahiyyətinə, onun təşkili formalarına, tənzimləmə istiqəmətlərinə baxmaq, ilk növbədə, sahibkarlığın mahiyyətinə yanaşma ilə səciyyələnir. Yəni, sistemin necə formalaşdığı sahibkarlığın mahiyyətinə necə yanaşılmasından asılıdır”.

Professor vurğulayıb ki, Azərbaycanın daha sürətli tərəqqisinə nail olmaq üçün iqtisadi ekosistemdə kiçik və orta sahibkarlığın inkişafı əsas hədəflərdən olmalıdır: “Ümumiyyətlə, ölkənin iqtisadi inkişafının əsas istiqaməti və konsepsiyası kiçik və orta sahibkarlığın inkişafına yönəldilməlidir və yönəlir. Çünki kiçik və orta sahibkarlığın inkişafı fonunda həm məşğuluq təmin olunur, bazara çıxan mal-məhsulların miqdarı artır,  xidmət sahəsi genişlənir. Ona görə də məhz kiçik və orta sahibkarlığın daha dinamik inkişafına təkan verməliyik. Əmək resursları və ehtiyatlarının daha çox olduğu Azərbaycan kimi ölkədə kiçik və orta sahibkarlıq böyük müəssisə yaratmadaq və böyük kapitalın olmasına ehtiyac olmadan sahibkarın öz vəsaiti hesabına daha böyük nəticələr əldə etməyə imkan verir. Məhz bu sahələrin inkişafı Azərbaycanda kimi ölkədə sosial inkişafın daha da yüksəlməsində əsas amillərdən, istiqamətlərdən biridir. Təbii ki, sosialyönümlü siyasət yürüdən Azərbaycanda kiçik və orta sahibkarlığın gücünün daha da artması birmənalı olaraq labüddür. Əgər biz sosialyönümlü siyasət yürüdürüksə, mütləq kiçik və orta sahibkarlığın daha da yüksəlməsinin qayğısına qalmalıyıq. Elə bir şərait yaradılmalıdır ki, ölkədə istehsal edilən məhsulun azı 70 faizi məhz kiçik və orta sahibkarlıq hesabına əldə edilsin”.

Oxunma sayı 262