Gələn ildən Azərbaycanda ambulator şəraitdə müalicə alan xəstələrə dərmanlar pulsuz verilə bilər. Belə ki, artıq ambulator şəkildə xəstələrə dərmanların verilməsi ilə bağlı təkliflər Nazirlər Kabinetinə göndərilib. Bunu İcbari Tibbi Sığorta Agentliyinin Tibbi İddialar departamentinin rəhbəri Nərgiz Ağayeva deyib.
O bildirib ki, növbəti ildən ambulator şəkildə xəstələrə dərmanların verilməsi nəzərdə tutulub. Bununla bağlı təkliflər Nazirlər Kabinetinə göndərilib: “Bununla bağlı statistikaya görə birinci sırada hipertenziyadan (yüksək təzyiq) əziyyət çəkən xəstələr ön sırada durur".
Qeyd edək ki, Azərbaycanda 10 milyon əhalinin hər biri sığortalanıb. Hazırda Xidmətlər Zərfində yer alan tibbi xidmətlərin sayı 3 315-ə çatıb. Bu da o deməkdir ki, son bir neçə ildə zərf 3 dəfədən artıq yenilənib.
Xatırladaq ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilən "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nə 794 sayda yeni tibbi xidmət əlavə edilib. Nəticədə Xidmətlər Zərfindəki tibbi xidmətlərin sayı 3 344-ə çatdırılıb. Bu xidmətlərin 33-ü invaziv radioloji, 43-ü ambulator, 200-ü laborator, 522-si isə stasionar tibbi xidmətlərdir. Yeni xidmətlər sırasına vətər, əzələ, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub.
Bəs, görəsən bu proses necə tənzimlənəcək? İlkin olaraq ambulator şəraitdə müalicə alan hansı xəstələr üçün dərman təminatına üstünlük verilməlidir?
Yeri gəlmişkən, hələ 2021-ci ildə İcbari Tibbi Sığorta Agentliyi bununla bağlı bəzi detalları açıqlayaraq bildirmişdi ki, sığorta olunmuş hər bir vətəndaş şəxsiyyət vəsiqəsini apteklərə təqdim etməklə pulsuz dərman ala biləcək. Belə ki, pasiyentlər həkim qəbulundan sonra onlara onlayn şəkildə resept yazılacaq. Yəni həkim tərəfindən vətəndaşa xidmət göstərildikdən sonra e-təbib proqramı üzərindən xəstənin qeydiyyat səhifəsinə müalicədə istifadə olunacaq dərmanlar yazılacaq.
Məsələni qəzetimizə şərh edən ekspert İlqar Hüseynli bildirib ki, bu praktikadan dünyanın bir çox ölkələrində istifadə olunur: “Biz bir çox məsələlərdə daha çox qardaş Türkiyənin təcrübəsindən istifadə edirik. Türkiyə Cümhuriyyətində müxtəlif kateqoriyalı xəstələr var ki, onlara yazılan dərmanları apteklərdən pulsuz buraxılır. Apteklərinin demək olar ki, 99 faizi özəl sektor sayılır. Bizdə TƏBİB-in nəzdində fəaliyyət göstərən dövlət poliklinikalarında ayrıca aptek deyil, xüsusi anbarlar fəaliyyət göstərir. Həmin anbarlarda tibbi dəstək üçün lazım olan həm avadanlıqlar, həm dərman preparatları mövcuddur. Bizdə bu proses hazırda qarışıq modeldir. Ambulator xəstələrin pulsuz dərmanla təminatında icbari tibbi sığortanın maliyyə dayanıqlılığı çox önəmli bir əhəmiyyət kəsb edir. Yəni əgər maliyyə dayanıqlığı varsa, imkan verəcəksə müəyyən kateqoriya ailələri ona daxil etmək olar. Tutaq ki, ilk növbədə aztəminatlı ailələr, şəhid və qazi ailələrini, eyni zamanda tənha yaşayan Azərbaycanda kifayət qədər insanlar var və s. Bu kateqoriyadan olan insanlara ilkin olaraq həmin modeli pilot layihə kimi tətbiq etmək olar. Çünki xatırlayırsınızsa, icbari tibbi sığorta da ilk olaraq pilot layihə kimi başladı və maye maliyyə dayanıqlığı gücləndikcə bütün ölkəni əhatə etdi”.
Ekspert hesab edir ki, icbari tibbi sığorta çərçivəsində ilk növbədə cərrahi əməliyyatlardan sonra reablitasiya dövründə xəstələrin dərman xərcləri qarşılanmalıdır: “Eyni zamada, daha çox sinir və nevroloji mənşəli xəstələrin müalicədən sonrakı reablitasiya dövrü, bütün növ sistem xəstəlikləri üzrə dərman vasitələri qarşılanarsa, çox yaxşı hal olar. Gündəlik məsələn, yuxarı tənəffüs yollarının iltihabı ilə bağlı olan xəstəliklər, yayılan qriplər, soyuqdəymələr zamanı tətbiq olunan dərman vasitələrini almağa vətəndaşlarımızın müəyyən qədər imkanı çatır. Eyni zamanda, bu xəstəliklər zamanı xalq təbabətinin imkanlarından da geniş şəkildə istifadə etmək mümkündür. Mənə elə gəlir ki, xroniki olmayan xəstəliklərin dərman preparatlarının qarşılanmamasını bir qədər gözləmək olar. Amma o xəstəliklər ki, xronikidir, tutaq ki, xəstə kardioloji əməliyyat olunub, həmin xəstə ömür boyu dərman qəbul etməlidir. Bu xəstələnin bir aylıq dərman vasitəsilə alıcılıq yükü təxminən 100 manata yaxın civarında dəyişir”.
Mütəxəssisin fikrincə, hökümət həm də özəl şirkətlər üzərində məsuliyyət yaratmalıdır: “Mənə elə gəlir ki, özəl şirkətlər üzərində məsuliyyət yaratmaq lazımdır. Onlar öz işçilərini sığortalamaqla yanaşı, bütün dərman preparatları ilə qarşılamalıdırlar. Azərbaycanda bunu həyata keçirən şirkətlər var. Lakin onların sayı barmaqla sayılacaq qədərdir. Bu şirkətlərin tələbləri nədir? Onlara lazımdır ki, qeyri-nağd ödəniş həyata keçirilsin, müvafiq qəbz şirkətə təqdim olunsun. Bu siyasəti bütün özəl şirkətlər həyata keçirmir. Bunu dövlət təşviq etməlidir, bunun üzərinə getmək lazımdır. Şirkətlər korperativ sosial məsuliyyətlərini yerinə yetirməlidirlər. Buna nəzarət olunmalıdır. Bununla bağlı qanun var, amma bu qanun nə dərəcədə icra olunur. Kim nəzarət edir, bunun monitorinqi aparılırmı və s. Yəni bu məsələlər olduqca aktualdır. Mənə elə gəlir ki, hər şeyi tək dövlətin üzərinə yükləmək olmaz”.