Rusiya Mərkəzi Bankı aprelin 7-dən 19-dək ölkə daxilində “Monetnaya Nedelya” (Sikkə həftəsi) kampaniyasına yenidən start verib. Bu müddət ərzində vətəndaşlar 1997-ci ildən sonra çap olunmuş bütün sikkələrini komissiyasız əskinasa çevirə biləcəklər.
Hafta.az-ın yazdığına görə, kampaniya çərçivəsində 4 min bank şöbəsi və 34 min market məntəqəsi (Maqnit, Diksi, Lenta, Aşan kimi) xidmət göstərəcək. Bununla belə, əvvəlcədən dəyişikliyin ediləcəyi nöqtəni yoxlamaq tövsiyə olunur. Vətəndaşlar həmçinin qaralmış, əyilmiş və ya cızılmış pulları təhvil verə biləcəklər, lakin onlar əvvəlcədən nominal dəyərinə görə çeşidlənməlidir.
Əvvəlki illərdə diqqət çəkən kampaniya sayəsində 2024-cü ildə cəmi 320 milyon rubl dəyərində 75 milyon sikkə dövriyyəyə buraxılıb.
Mütəxəssislərin fikrincə, Mərkəzi Bankın əhalidən köhnə sikkələri toplaması daha qənaətcildir, nəinki yeni pul çap etmək. Plexanov Universitetinin dosenti Tatyana Belyançikova deyir ki, nağdsız əməliyyatların yayılmasına baxmayaraq, mağazalardakı qiymət etiketlərindən tutmuş valyuta mübadiləsinə qədər bir çox sahədə hələ də qəpiklərə ehtiyac var.
Bu kampaniya sikkələrini dəyişmək istəyənlər üçün yeganə seçim deyil. Birbaşa banklara aparılan sikkələr də dəyişdirilə bilər. Ancaq əksər banklar bu əməliyyat üçün komissiya alırlar. Alternativ olaraq “monetopriyemnik” adlanan avtomatlar prosesi sürətləndirir. Bu maşınlara pul tökülür, cihaz onu hesablayır və çeşidləyir. Adətən, nağd pul birbaşa verilmir, pul hesaba köçürülür və əməliyyat üçün 10 faiz-dən başlayaraq komissiya tutulur. Qəpiklərindən tamamilə xilas olmaq istəyənlər üçün ən məntiqli yol onları bank hesabına yatırmaq və ya bu yolla vergi ödəməkdir.