“Koreya şirkətləri tikinti-quruculuq işlərinə dəvət edilib”- Səfir Rəmzi Teymurov

11:20 31.08.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycandan xeyli uzaqda bir ölkə var – hər birimizin Cənubi Koreya kimi tanıdığımız, ciblərimizdə daşıdığımız telefonların, sürdüyümüz avtomobillərin, evimizdəki televizorların, soyuducuların, paltaryuyanların və sair istehsal edildiyi Koreya Respublikası. Təkcə güclü iqtisadiyyatı ilə deyil, həm də çox qədim və zəngin mədəniyyəti, son illər isə maarifləndirici və bütün milli mentalitetlər tərəfindən qəbul edəcək səviyyədə etik serialları ilə məşhur olan Koreya ilə Azərbaycan arasında dost əlaqələr mövcuddur. Respublikamız müstəqilliyini bərpa etdiyi təxminən 30 il ərzində hər zaman Koreyadan hərtərəfli dəstək alıb, iqtisadi-ticarət əlaqələrini genişləndirib. Elə bu yaxınlarda Koreya Milli Assambleyasının sədri Park Byonq-Soqun Azərbaycana səfəri məhz iki ölkə arasında əlaqələrin həcmini genişləndirmək olub.

Azərbaycanın Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurovla müsahibəmizdə də ölkələrimiz arasında ikitərəfli əlaqələrin bu günündən, gələcək perspektivlərindən söz açdıq. Gəlin cənab səfirlə müsahibəyə birgə nəzər salaq:

- Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun bu yaxınlarda Azərbaycana səfəri və keçirilmiş yüksək səviyyəli görüşlərin iki ölkə arasında artıq uzun illərdir mövcud olan dostluq əlaqələrini daha da möhkəmləndirəcəyini və münasibətlərin bundan sonra daha da dinamik inkişafına töhfə verəcəyini söyləyə bilərəm. Belə ki, Prezident İlham Əliyevlə görüşdə iki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişafının qeyd olunması, növbəti illər ərzində işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, Azərbaycanda həyata keçirilən quruculuq işlərinə və ölkəmizə sərmayə qoyuluşu sahəsinə Koreya şirkətlərinin dəvət olunmaları və bununla bağlı bir növ yol xəritəsinin müəyyənləşdirilməsi yuxarıda qeyd etdiyim fikri şərtləndirən əsas amil olub. Digər tərəfdən, Milli Məclisdə keçirilmiş görüşlərdə Parlament diplomatiyası sahəsində əlaqələrin inkişafına töhfə verəcək konkret təkliflərin səsləndirilməsi sözügedən istiqamətdə də yeni əməkdaşlıq mexanizmlərinin formalaşmasına şərait yaradıb. Bu məqamda qeyd edim ki, Parlamentlərarası diplomatiya dedikdə ikitərəfli münasibətlərlə yanaşı, çoxtərəfli formatda da mövcud əlaqələrin inkişafı və hətta yeni mexanizmlər çərçivəsində əməkdaşlığa imkanların öyrənilməsi nəzərdə tutulur. Hər halda yaxın vaxtlarda sözügedən istiqamətdə yeni təşəbbüslərin ortaya çıxacağını düşünürəm. Bir məqamı da qeyd etmək istərdim ki, cənab Park Byonq-Soq artıq ikinci dəfə idi ki, Azərbaycana səfər edib. O, ilk dəfə 2013-cü ildə Milli Assambleyanın vitse-spikeri kimi Azərbaycanda olub. Bu baxımdan səkkiz il sonra yenidən Azərbaycana səfər edilməsi ölkəmizdəki inkişaf və regionda baş verən dəyişikliklər ilə tanış olunması baxımından da olduqca əhəmiyyətlidir.

- Ümumiyyətlə, Azərbaycanla Koreyanı minlərlə kilometr məsafə ayırır. Coğrafi uzaqlığı nəzərə alsaq, hazırda bu ölkələr arasında siyasi əlaqələri necə qiymətləndirərsiniz, coğrafi uzaqlıq əlaqələrimizin inkişafına təsir edirmi?

- Əvvəla qeyd etmək istərdim ki, Azərbaycanla Koreya arasında uzun coğrafi məsafə ilə yanaşı, diplomatik münasibətlərimizin qurulduğu 1992-ci ilə qədər ölkələrimiz arasında birbaşa rəsmi təmaslar olmayıb. Azərbaycan müstəqilliyini yenidən qazandıqdan sonra digər ölkələrlə olduğu kimi, Koreya ilə də diplomatik əlaqələr qurub, 2006-cı ildə Koreya Prezidentinin Azərbaycana, 2007-ci ildə isə Azərbaycan Prezidentinin Koreyaya qarşılıqlı səfərlərindən sonra isə münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Hazırda ölkələrimiz arasında əlaqələr təkcə siyasi sahə ilə məhdudlaşmır, iqtisadi, sosial, mədəni, təhsil, turizm və digər istiqamətlər üzrə geniş və əhatəli əməkdaşlıq münasibətləri konkret layihələrlə özünü büruzə verir. Lakin təbii ki, coğrafi uzaqlıq iki ölkə arasında rəsmi təmasların və habelə digər sahələrdə mübadilələrin sayına təsir edir. Bu isə öz növbəsində iki ölkənin münasibətlərin inkişafına yönəlik potensialdan tam olaraq istifadə olunmasına maneçilik törədir. 

- Koreyanın Azərbaycanla kifayət qədər yaxşı əlaqələri var, budur, Park-Byonq Soq da Bakıdadır. Bu ölkə ABŞ və digər Qərb dövlətləri ilə, o cümlədən qardaş Türkiyə ilə də sıx əməkdaşlıq edir, hərbi-siyasi müttəfiqdir və sair. Bu siyasi şəbəkənin bir parçası olaraq Koreya ilə əlaqələr hərbi-siyasi müstəvidə Azərbaycana nə kimi fayda verə bilər? Məsələn, Ermənistanla mövcud problemin həllində...

- Siyasi sahədə ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daim yüksək səviyyədə olması artıq qeyd edildi. Hərbi sahəyə gəldikdə isə, bu sahədə münasibətlərimiz nisbətən yeni fomalaşmaqda olan bir mexanizmdir. 2013-cü ildə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Koreyaya rəsmi səfərindən sonra hərbi sahədə əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Fikrimcə, hərbi sahədə əməkdaşlıq üçün də imkanlarımız genişdir və gələcəkdə bu istiqamətdə də müəyyən işlər görülə bilər. Digər tərəfdən, Koreya coğrafi baxımdan uzaqda yerləşən ölkələrə və ya regionlara münasibətdə hansısa geostrateji və ya geosiyasi məqsədlər güdmür. Daha çox praqmatik və iqtisadi maraqlara əsaslanan xarici siyasət strategiyası həyata keçirilir. Ancaq təbii ki, qlobal və regional miqyasda baş verən dəyişikliklər Koreya tərəfindən də yaxından izlənilir və özünün iqtisadi-ticari maraqlarına uyğun olacaq şəkildə xarici siyasət prioritetləri yenidən modifikasiya edilir. Bu baxımdan 44 günlük Vətən müharibəsindən sonra regionunumzda yaranmış yeni geosiyasi vəziyyətin Koreya tərəfindən də nəzərə alındığına şübhə etmirəm. 

- Ermənistandan söz düşmüşkən, Vətən müharibəsi dövründə Seulun mövqeyi necə idi, 44 günlük müharibə dövründə hər hansı formada dəstək filan verdimi bizə?

- Ümumilikdə qeyd edim ki, Koreya keçmiş Ermənistan - Azərbaycan münaqişəsinə münasibətdə ölkələrin ərazi bütövlüyünə hörmət və münaqişənin sülh yolu ilə həlli prinsiplərindən çıxış edib, sözügedən mövqe rəsmi sənədlərdə öz əksini tapıb. Digər tərəfdən, öncəki sualınıza cavabda da qeyd etdiyim kimi, Koreya uzaq məsafədə yerləşən regionlarda baş verən hadisələri və dəyişiklikləri izləsə də, bir qayda olaraq, həmin proseslərə münasibətdə hansısa ictimai bəyanatlar verməkdən və ya siyasi mövqe bildirməkdən uzaq xarici siyasət həyata keçirir. Koreyanın bu səpgili xarici siyasəti, təkcə keçmiş Ermənistan - Azərbaycan münaqişəsinin halında deyil, Gürcüstan, Ukrayna, Moldova və digər ölkələrin üzləşdiyi münaqişələrdə də özünü büruzə verməkdədir.

- Məlumdur ki, işğal sonlandırılsa da, qurtulmuş ərazilər tamamilə xarabaya çevrilib. Mən özüm Ağdama səfər etmişdim, bir dənə də olsun tikili qalmayıb, hamısı yerlə birdir və torpağın da altı mina ilə doludur. Yaxın keçmişdə Koreya da qanlı müharibə dövrünü keçib və sonrakı quruculuq onu bu günkü iqtisadi qüdrətə qovuşdurub. Təcrübəsi böyükdür. Necə bilirsiniz, Koreya hökuməti və ya fərdi qaydada şirkətləri quruculuq işlərində iştiraka dəvət edilibmi? Çünki Koreyanın Azərbaycandakı səfirinin sözlərinə görə, quruculuq işlərini dövlət həyata keçirdiyi üçün rəsmi Bakıdan dəvət olmalıdır...

- Koreya müharibəsi zamanı Cənubi Koreyanın ərazisi, o cümlədən də paytaxt Seul böyük dağıntılara məruz qalsa da, sonradan ölkədə aparılmış genişmiqyaslı quruculuq-bərpa işləri, sürətli iqtisadi artım Koreyanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirib. Koreyanın azad edilmiş ərazilərmizdəki quruculuq işlərində mümkün iştirakına gəlincə, Azərbaycanla Koreya arasında diplomatik münasibətlərin qurulduğu son 29 il ərzində istər Koreyanın dövlət qurumları, istərsə də özəl sektoru ilə əməkdaşlığa Azərbaycan tərəfi hər zaman müsbət yanaşıb. Koreya parlamenti sədrinin Azərbaycana son səfəri zamanı isə ali səviyyədə, Azərbaycanın dövlət başçısı tərəfindən Koreya şirkətlərinin azad edilmiş torpaqlarda icra olunacaq layihələrdə iştiraka dəvət edildiyi ifadə olunub.

- Azad olunmuş torpaqlarda “Ağıllı kənd”, “Ağıllı şəhər”, “Yaşıl enerji” və sair layihələr icra edilir. Qeyd etdiyim layihələrin Koreyada icrasına 15-20 il öncə başlanılıb və böyük uğurlar qazanılıb. Siz səfir olaraq Koreya şirkətlərinin, məsələn, Yaşıl enerji və ya ağıllı kənd layihəsində iştirakını necə qiymətləndirirsiniz, koreyalılarda bu işə maraq oyatmaq mümkündürmü?

- Doğru söylədiniz, istər ağıllı yaşayış məntəqələrinin inşası, istərsə də yaşıl enerjidən istifadə layihələrinin icrası istiqamətləri üzrə Koreya böyük təcrübəyə malikdir və hətta deyə bilərəm ki, dünyada lider dövlətlərdən biridir. Sevindirici haldır ki, sözügedən istiqamətlər üzrə ölkəmizin aidiyyəti qurumları ilə Koreya tərəfi arasında artıq təmaslar mövcuddur və belə demək mümkünsə, artıq ilkin nəticələr alınmaqdadır. Məsələn, iyunda Azərbaycan Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi tərəfindən Koreyanın “ağıllı şəhər” və İKT sahələri üzrə qabaqcıl təcrübələrinin xarici dövlətlərlə paylaşılması məqsədi daşıyan “K-City Network” qlobal əməkdaşlıq proqramına seçilib. Ölkəmiz “K-City Network” qlobal əməkdaşlıq proqramında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin nəzdindəki müvafiq qurum tərəfindən irəli sürülmüş “Bakı şəhərində internet şəbəkəsi üzrə həllər planının hazırlanması layihəsi” ilə iştirak edəcək. Layihənin məqsədi son zamanlar Bakıda tətbiqinə başlanmış bir sıra “ağıllı xidmətlərin” inteqrasiyası məqsədilə “ağıllı şəhər” platforması və geniş internet şəbəkəsinin qurulmasına dair baş planın hazırlanmasından ibarətdir. Bu baxımdan hesab edirəm ki, yaxın gələcəkdə bu kimi layihələrin əhatə dairəsini işğaldan azad edilmiş ərazilərimizə genişləndirmək mümkündür.

- Ümumiyyətlə, Azərbaycanla Koreya arasında iqtisadi ticarət əlaqələri mövcud potensiala cavab vermir qənaətindəyəm. Sualı yazarkən Statistika Komitəsinin 2020-ci il məlumatına nəzər saldım: 279 milyon dollar civarında ümumi illik ticarət olub ki, onun da 70 faizi Azərbaycanın Koreyadan idxalının payına düşüb. Maraqlıdır, Koreyadan əsasən nə alırıq və nə satırıq? Ticarət saldosunda dəyişiklik etmək imkanımız, bu ölkənin bazarına çıxaracaq maraqlı məhsullarımız yoxdurmu?

- 2020-ci ildə Azərbaycan - Koreya ikitərəfli ticarət dövriyyəsi 178 milyon dollardan bir qədər artıq olub və qeyd etdiyiniz kimi, bunun böyük əksəriyyəti Koreyadan Azərbaycana ixracın payına düşüb. Koreyanın Azərbaycana ixracında əsas yeri nəqliyyat vasitələri və ehtiyat hissələri, elektrik və elektronika avadanlıqları, rezin şinlər, əczaçılıq məhsulları, kondisioner və hissələri tutub. Azərbaycandan Koreyaya ixracda isə kimya məhsulları, qiymətli metallar, qara metallar və məhsulları, kənd təsərrüfatı emalı məhsulları böyük paya sahib olub. Təbii ki, Azərbaycanın qeyri-neft sənayesi məhsullarının, o cümlədən kənd təsərrüfatı məhsullarının Koreyaya ixracı istiqamətində müəyyən işlər görülür. Qeyd edim ki, xüsusi halda, Azərbaycan aqrar məhsullarının Koreyaya idxalında ən böyük maneə Koreyanın bu cür məhsullara münasibətdə tətbiq etdiyi qayda və tələblərə cavab verilməsi, rəsmi icazələrin alınması prosedurlarıdır. Hazırda AZPROMO ilə birlikdə bu istiqamətdə fəaliyyət göstəririk. Fikrimcə, Koreyanın və o cümlədən inkişaf etmiş bir sıra digər dövlətlərin, xüsusilə kənd təsərrüfatı məhsullarının idxalına münasibətdə tətbiq etdiyi standartlar yaxın gələcəkdə beynəlxalq miqyasda bir çox dövlətlər tərəfindən də tətbiq edilməyə başlanılacaq. Bu baxımdan Azərbaycanın kənd təsərrüfatı məhsullarının həmin standartlara cavab vermələri, gələcəkdə Koreya ilə yanaşı bir çox dövlətlərə Azərbaycan məhsullarının ixracına və beləliklə ixrac bazarlarının sayının artmasına şərait yaradacaq. 

- Koreyanın iqtisadiyyatı kimi qədim tarixi, mədəniyyəti də zəngindir, təsiredicidir və biz bunu pandemiyayadək Koreyanın Azərbaycandakı səfirliyinin tədbirlərində çox görüb-yaşamışıq. Türk kanallarında çox sayda Koreya diziləri yayımlanır. Hamısı da bir-birindən maraqlı, düşündürücü, gənclərə qəhrəmanlıq, düzgünlük aşılayan filmlərdir. Necə bilirsiniz, həmin dizi və ya digər filmləri Azərbaycan efirlərinə çıxarmaq niyə mümkün olmayıb indiyədək? Koreyalı sənətçilərin, tanınmış mədəniyyət adamlarının Bakıya səfərləri təşkil olunsa, birgə mədəni tədbirlər keçirilsə, müştərək filmlər çəkilsə, məncə yaxşı effekt verərdi. Bu barədə fikirlərinizi öyrənək...

- Ölkələr arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq və xalqların bir-birinin mədəniyyətləri ilə əyani tanışlıqları 21-ci əsr diplomatiyasının əsas komponentlərindən biridir. O cümlədən, Azərbaycan - Koreya münasibətlərində mədəniyyət mübadiləsi sahəsində əməkdaşlıq əsas prioritetlərdən biri olub və sözügedən istiqamətdə bir çox uğurlu layihələr həyata keçirilib. Hər iki ölkədə keçirilmiş mədəniyyət günləri, film və mətbəx festivallarını nümunə kimi göstərmək olar. Hər halda, beynəlxalq miqyasda məşhur olan Koreya serialları və filmlərinin Azərbaycan televiziyalarında nümayişi, koreyalı sənətçilərin və mədəniyyət xadimlərinin səfərlərinin təşkili Koreya mədəniyyətinin Azərbaycanda tanıdılması baxımında mühüm töhfə olardı. Yəqin ki, Koreya mədəniyyətinin xarici ölkələrdə tanıdılması istiqamətində fəaliyyət göstərən aidiyyəti Koreya dövlət qurumları bu istiqamətdə hansısa işlər görürlər. Bizim Koreyadakı səfirliyimiz və aidiyyəti Azərbaycan dövlət qurumları isə daha çox Azərbaycan mədəniyyətinin Koreyada tanıdılmasına xidmət edən layihələr icra etməkdədir. Bu baxımdan, gələcəkdə birgə mədəniyyət tədbirlərin keçirilməsi və ya filmlərin çəkilməsi maraqlı təkliflər kimi nəzərdə tutula bilər. Qeyd edim ki, ötən illər ərzində Koreyada Azərbaycana dair və ya Azərbaycanın iştirakı ilə keçirilmiş bir sıra mədəniyyət tədbirlərində hər iki ölkənin sənətçilərinin birgə iştirakı təcrübəsi mövcud olub və də çox uğurlu alınıb. Filmlərə gədikdə, pandemiyadan əvvəl Azərbaycana koreyalı turistlərin cəlb edilməsi üçün məşhur Koreya film və ya seriallarının bir hissəsinin Azərbaycanda çəkilişlərinin aparılması istiqamətində müəyyən layihələr planlaşdırılırdı. Lakin pandemiya bu layihələri təxirə saldı. Ümid edirəm ki, pandemiya başan çatandan sonra bu istiqamətdə işlər davam etdiriləcək. 

- Mədəni, iqtisadi-siyasi əlaqələrə Koreyada yaşayan azərbaycanlıların və ya Azərbaycanda yaşayan və ya işləyən koreyalıları da cəlb etmək üçün səfirlik nə iş görə bilər? Bu arada, yəqin ki, Koreyada azərbaycanlılar yaşayır və çox güman ki, aralarında intellekt sahibləri çoxdur...

- Koreyada təxminən 200 nəfərə yaxın azərbaycanlı yaşayır. Onların əksəriyyəti tələbələr və əvvəllər bu ölkədə təhsil almış, daha sonra ölkənin nüfuzlu şirkətlərində çalışan vətəndaşlarımızdır. Koreyada əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın bir çoxu bu ölkənin “Samsung”, LG, “Hyundai”, “Naver” kimi aparıcı şirkətlərində fəaliyyət göstərirlər. Həmçinin bir vaxtlar Koreyada təhsil almış gənclərimizin bəziləri hazırda Azərbaycan məhsullarının Koreyaya ixracı, istiqamətində fəaliyyət göstərirlər və səfirlik olaraq biz həmin gənclərimizə dəstək olmağa çalışırıq. Hazırda Koreyada yeganə diaspor təşkilatı kimi fəaliyyət göstərən BUTA Azərbaycan - Koreya Dostluq Assosiasiyası 21 mart 2009-cu ildə təsis edilib, 10 fevral 2015-ci il tarixində Koreyada qeyri-kommersiya məqsədli təşkilat kimi rəsmi qeydiyyatdan keçib. Təşkilat yarandığı gündən indiyədək Koreyada təhsil alan azərbaycanlı tələbələrin təşkilatlanması, soydaşlarımız arasında milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan xalqının tarixi, müasir həyatı, sosial-iqtisadi inkişaf səviyyəsi, mədəniyyəti ilə bağlı məlumatların, eləcə də Azərbaycan həqiqətlərinin Koreya ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra işlər görüb. Səfirliyimiz BUTA Assosiasiyası ilə sıx əlaqədədir və təşkilatın bir sıra tədbirlərinin təşkil olunmasında bilavasitə iştirak edir.

Oxunma sayı 2946