Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Korgöz qəsəbəsində salınmış yeni istirahət parkının açılışı zamanı sakinlərlə görüşüb, onların sosial problemləri ilə maraqlanıb.
Qeyd edək ki, Korgöz qəsəbəsində əhalinin istəyi ilə salınmış parkda sakinlərin dincəlməsi üçün bütün şərait yaradılıb, uşaqların əylənməsi üçün yelləncək və sürüşkənlər quraşdırılıb.

Hafta.az-ın yazdığına görə, bundan başqa S.Mikayılovun Lökbatan qəsəbə sakinləri ilə də növbəti səyyar görüşü keçirilib.
Qəbulda Lökbatan sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ümumilikdə 80 nəfər iştirak edib.

Sakinlərdən 12 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı S.Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.
Qəsəbə sakinləri əhalinin problemlərinin həlli məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.