Ötən il koronavirusun ilk yayıldığı Çinə qarşı Ankarada məhkəmə iddiası qaldıran vəkil Melih Akkurt koronavirusdan dünyasını dəyişib.
Hafta.az xəbər verir ki, 13 may 2020-ci il tarixində Ankara Vəkillər Kollegiyasının hüquqşünaslarından Melih Akkurt həmkarı Selenay Kurtla birlikdə koronavirusun ilk ortaya çıxdığı Çinə qarşı Ankara Birinci İnstansiya Mülki Məhkəməsində təzminat davası açıb. İddia ərizəsində deyilir ki, Çin Ümumdünya Səhiyyə Təşkilatına epidemiyanın nə vaxt baş verdiyini dəqiq məlumatlarla bildirməmiş, epidemiyanın yoluxucu xarakterini 3 həftəyə qədər açıqlamamış, xəstələrin sayının ictimaiyyətə yanlış şəkildə bildirilməsinə çalışmışdır. Bundan əlavə, vəhşi heyvanların ticarəti və istehlakının qadağan edilmədiyi, bunun SARS-a bənzər bir epidemiya ola biləcəyini söyləyən 2 Çin həkiminin dekabrın 30-da işdən çıxarıldığı, yanvarın 18-də Wuhanda keçirilən nəhəng Yeni il şənliyində minlərlə insanın iştirakına icazə verildiyi iddia edilib.
İş davam edərkən koronavirusa yoluxan vəkil Melih Akkurt dünən müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Akkurtun cənazəsi Qızılcahamamın Beşkonak kəndində torpağa tapşırılıb. Ankara Vəkillər Kollegiyası da Akkurt üçün başsağlığı mesajı yayıb.