Koronavirus pandemiyası dünyanı təhdid etməyə başlayandan sonra Azərbaycan hökuməti dərhal hərəkətə keçdi. Qabaqlayıcı tədbirlər tökməyə başladı. Bu tədbirlərin ilkin mərhələsi yanvarın 24-də start götürdü. Səhərdlərdə, hava limanlarında nəzarət gücləndirildi. Ölkəyə gələn və ya Azərbaycandan tranzit kimi istifadə edən xarici ölkə vətəndaşları üçün tibbi müayinə sektorları yaradıldı. Şübhəli hal və durumlarda olanlar karantinə alındı.
İkinci dalğa isə fevralın 28-də başladı. Həmin gün Azərbaycan vətəndaşında COVİD-19 simptomlarının olduğu dəqiqləşdi. Ölkə həyəcan təbili çaldı. Dövlət başçısı birbaşa və qəti göstərişlər verdi. Xaricə gediş-gəliş dayandırıldı. Qonşu ölkələrə avtomobil, dəmiryolu ilə hərəkət məhdudlaşdırıldı. Ardınca hava limanları uçuşlara qapadıldı. Reyslər təxirə salındı. Bir sözlə, ölkə koronavirus pandemiyasına qarşı bütün mümkün zirehlərdən, qorunma üsullarından yararlanmağa çalışdı.
Orta və ali məktəblərdə, təhsil ocaqlarında tədris dayandırıldı. İş yerlərinin və ictimai iaşə obyektlərinin fəaliyyəti müvəqqəti olaraq donduruldu.
Martın 18-dən paytaxtla rayonlar arasındakı gediş-gəliş məhdudlaşdırıldı. Paytaxt qeydiyyatı olanlar istisna, əyalətlərdən Bakıya qayıtmaq müşkülə çevrildi. Bunun üçün yalnız xüsusi durumlar göstərilməli və ciddi əsaslar gətirilməli idi. Ən başda sağlıq məsələləri, yaxın qohumun, ailə üzvünün vəfatı və sair... Toy və yas mərasimlərinin keçirilməsinə icazə verilmədi. Bütün bunlar insanların toplu halda bir yerə yığışması və virusdan qorunması üçün edildi.
Martın 24-dən ölkədə ciddi karantin rejimi elan edildi. 65 yaşdan yuxarı insanların evdən bayıra çıxması qadağan olundu.
Bundan sonra ölkə rəhbərliyi ikinci plan üzrə hərəkət etməyə başladı. Koronavirusla mübarizə fondu yaradıldı və prezident, eləcə də birinci vitse-prezident öz bir illik maaşlarını bu fonda bağışladı. Ardınca ölkədə imkanlı şəxslər, millət vəkilləri, hökumət nümayəndələri, QHT təmsilçiləri, ictimai fəallar aksiyaya başladı.
Bundan sonra hökumət nümayəndələri işsiz və işləmək imkanı olmayan, maddi durumu aşağı hesab edilən ailələr üçün iki aylıq yardım paketləri hazırladı. 190 manatlıq sosial yardımlar imkansız ailələrə verildi. Bu yardımlar əvvəlcə 200 min insanı, ardınca 600 min nəfəri əhatə etdi.
Bütün bu sadalananlar əslində vahid iş mexanizminin və koronavirusa qarşı mübarizənin tərkib hissəsi idi. Bunu dünya da görürdü. Dünya ölkələri İran və Türkiyənin qonşusu olan Azərbaycanda virusun mənfi nəticələrindən maksimum sığortalanmanı görüncə rəsmi Bakının bu yöndəki təcrübələrindən yararlanmağa başladı. Ukrayna, Moldova, Albaniya, Yunanıstan, Çexiya, Slovakiya, Polşa kimi ölkələr Azərbaycanın təcrübəsindən istifadə etməyə başladılar. Dünyada 200 min insanın koronavirudan dünyasını dəyişdiyi halda, Azərbaycanda bu göstərici cəmi 22 nəfərdir. Qonşu İran və Türkiyədə isə minlərlə... Deməli, hökumətin insanlarla bağlı sosial və vahid izolyasiya planları öz işini görmüşdü. Müsbət nəticələrini vermişdi.
Bütün bunlar dünya mediasının da diqqət mərkəzində idi. Misir, Belarus, İrlandiya, Belçika, Sloveniya, Rusiya kimi ölkələrin nəşrləri Azərbaycanın koronavirusla apardığı mübarizədən yazır, hökumətin gördüyü işləri təqdir edir.
Rusiyanın “pravda.ru” internet-nəşrində Pyotr Deryabinin “COVID-19 xronikaları: Azərbaycan effektivlik və etimad nümunəsidir” sərlövhəli məqaləsi də elə bu qəbildəndir. məqalədə deyilir ki, ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın idarə etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə virusun müntəzəm diaqnostikası üçün respublikada müasir avadanlıqla və zəruri ləvazimatlarla təchiz edilmiş 18 müasir laboratoriya fəaliyyət göstərir: “Xüsusi karantin rejimi dövründə görülən tədbirlər çərçivəsində həyata keçirilən və Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan “Biz birlikdə güclüyük” sosial aksiyası sayəsində aztəminatlı ailələrə 100 min dəstdən çox ərzaq payı verilib”.
Unutmadan deyək ki, koronavirusun Azərbaycanda yayıldığı ilk günlərdə tibbi maska və əlcək, tibbi spirt çatışmazlığı mövcud idi. Ölkə prezidentinin tapşırığı ilə 2 həftə ərzində Sumqayıtda tibbi maska istehsal edən müəssisə fəaliyyətə başladı. Əvvəlcə 70 min, ardınca 150-200 min gündəlik tibbi maska istehsal edildi. İndi ölkəmiz demək olar ki, koronavirusla mübarizədə lazımi bütün tibbi vasitələrlə təmin edilir.
Ukraynalı deputat Lyudmila Marçenko isə yerli nəşrlərə müsahibəsində Azərbaycanın COVID-19 epidemiyasının yayılmasının qarşısını almaq üçün həyata keçirdiyi tədbirlərin əhəmiyyətini qeyd edib: “Biz hamımız Azərbaycanın bu istiqamətdəki hərəkətlərini yaxından izləyirik. Ölkənizin hakimiyyət orqanları tərəfindən görülən hər şey xüsusi diqqətə layiqdir. Əsas da karantin tədbirlərinin tətbiqi və orta-kiçik sahibkarlığa dəstək. Ukrayna koronavirusa qarşı mübarizədə dost və qonşuların təcrübəsini yüksək qiymətləndirir və bunun ən yaxşılarından, o cümlədən Azərbaycanda həyata keçirilən tədbirlərdən istifadə edir".
İtaliyalı deputat Mario Serldzari isə Azərbaycanın koronavirusla mübarizədəki fəaliyyətini və gördüyü qabaqlayıcı tədbirləri təqdirəlayiq adlandırıb: “Baxın, İranla Türkiyənin ortasında kiçik bir dövlət olmasına baxmayaraq, Azərbaycan pandemiyanın zərərlərini minimuma endirə bildi. Bu, təqdirəlayiqdir”.
Görünən kəndə nə bələdçi, hər kəs, bütün dünya mediası Azərbaycan dövlətinin bu yöndə gördüyü işləri etiraf edir. Hətta Dağlıq Qarabağdakı separatçı rejimin caynağında qalan erməni əslli Azərbaycan vətəndaşları da rəsmi Bakıdan kömək istəyib. Çünki işğalçı Ermənistanda koronavirus pandemiyası ölkənin dağılmaqda olan iqtisadiyyatını daha da ağlar günə qoyub.
Əslində koronavirus pandemiyasından Azərbaycanın insan sağlamlığı baxımından az itkilərlə çıxmağı bacarmasının bir neçə başlıca səbəbi vardı. İlk öncə, dövlət rəhbərliyinin ardıcıl və uzaqgörən qərarları. Daha sonra bu qərarların icrası üçün formalaşdırılan çevik mexanizm. Ən sonda isə cəmiyyətimizin, insanlarımızın böyük əksəriyyətinin "biz birlikdə güclüyük" çağırışına qoçularaq pandemiya ilə mübarizədə yüksək nizam-intizam nümayiş etdirməsi.
Bəli, hər bir vətəndaşımız üçün ağır keçən bir imtahan bir daha Azərbaycan xalqının Prezidentinə nə dərəcədə yüksək etimad göstərdiyini ortaya qoydu. Digər tərəfdən həmrəyliyimizin heç bir güc və təhdid qarşısında sarsılmayacağını bütün dünyaya nümayiş etdirdi.