Rusiya Müdafiə Nazirliyi Federal Hava Nəqliyyatı Agentliyindən Ukraynada müharibədə iştirak edən əsgərlərin məzuniyyətə çıxa bilməsi üçün hər bir uçuşda 5-6 yer rezerv etməyi xahiş edib.
Hafta.az-ın yazdığına görə, RİA-ya danışan hava nəqliyyatı rəsmisi bildirib ki, nazirliyin xahişi yerinə yetirilib və bu, aviaşirkətlər üçün orduya töhfə vermək üçün mühüm fürsətdir.
Qeyd edilib ki, Ukraynada döyüşən rus əsgərlərə yay mövsümü üçün rezervasiya uçuşa 12 saat qalmış ləğv olunacaq.
Təyyarə biletlərinə artan tələbatın Rusiya Müdafiə Nazirliyinin yeni tənzimləmə tələbində təsirli olduğu bildirilib. Ukraynadakı əsgərlərin aylar və ya həftələr öncədən uçuş rezervasiyası edə bilməyəcəyini deyən nazirlik rəsmiləri, bu səbəbdən hava yolu şirkətlərindən əsgərlər üçün avtomatik rezervasiya tələb ediblər.
Aviaşirkətlər nazirlikdən uçuş marşrutları və tələb olunan reyslərin nömrələri barədə məlumat istəyib. Bununla belə, bəzi aviaşirkətlərin əsgərlərin uçuşu qaçıracağı təqdirdə gəlirlərini itirməkdən narahat olduqları bildirilir.
“İzvestiya”nın xəbərində qeyd olunub ki, müalicə üçün Rusiyaya qayıdan, sonra isə yenidən cəbhə bölgəsinə gedən əsgərlərə xüsusi diqqət göstəriləcək. “İndiki şəraitdə hesab edirik ki, aviaşirkətin bu kateqoriyadan olan sərnişinlərə göstərdiyi yardım hava nəqliyyatı sənayesinin davam edən hərbi əməliyyatlara mühüm töhfəsi olacaq”, - Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi bildirib.
Rusiya prezidenti Vladimir Putin fevralda Ukraynada döyüşən bütün əsgərlərə müntəzəm şəkildə, hər 6 ayda 14 gün olmaqla məzuniyyət veriləcəyini açıqlamışdı.