Avqustun 23-də Kiyevdə 40-dan çox ölkə və beynəlxalq təşkilatın nümayəndə heyətinin iştirak etdiyi “Krım Platforması” zirvəsi açıldı. Ukraynada “Krım Platforması”na böyük önəm verilir. Gözləntilər nədir və niyə Azərbaycan bu toplantıda iştirak etmədi?.
Bu barədə hafta.az-a danışan politoloq Natiq Miri hesab edir ki, “Krım Platforması” zirvəsi Ukrayna hökuməti adına çox önəmlidir. Onun sözlərinə görə, bu zirvənin əsas məqsədi Krım məsələsində Ukraynaya siyasi dəstəyin verilməsidir. Eyni zamanda “Krım Platforması” konfransına qatılmaq dolayısı ilə Rusiyanın Krım, Sevastopol və Donbas vilayətlərini işğal etməsi faktını təsdiq etməkdir.
“40-a qədər ölkənin bu prosesdə iştirakı çox ciddi siyasi addımdır və Rusiyanın işğalçı üzünü birbaşa ortaya qoyur. Bu zirvənin toplanması təzyiq mexanizmi olaraq yenidən Rusiyaya qarşı çevriləcək. Ona görə də Rusiya bu platformanın keçirilməsindən çox ciddi narahatdır”.
Natiq Miri Azərbaycanın “Krım Platforması”-nda iştirakdan imtinasına da toxunub:
“Azərbaycan Rusiya adına bu cür addımları dəfələrlə atıb. Çox maraqlıdır ki, son 30 ildə bu cür Rusiya yönümlü addımların atılmasına və bütün sərhədlərin çərçivəsinin gözlənilməsinə baxmayaraq bu ölkə Azərbaycana doğru yarım addım da atmadı. Bu günün özündə bu davam edir və 10 noyabr bəyannaməsindən irəli gələn müddəların yerinə yetirilməsi istiqamətində işlər görülmür. Bu cür ehtiyatlı addımlarla Rusiyanı ram etmək, öz tərəfinə çəkmək mümkün deyil. Rusiya aqressiv, işğalçı bir ölkədir. Son zamanlarda dağıdıcı gücü ilə yalnız özünün istədiklərini əldə edib və bundan sonra da Rusiyanın siyasətini dəyişmək mümkün deyil. Ona görə də Azərbaycanın dost Ukraynanın keçirdiyi tədbirdə iştirak etməməsini doğru saymıram”.
Politoloq bildirib ki, belə bir konfransın keçirilməsi dünyanın çox əhəmiyyətli hissəsinin antirusiya platformasında birləşməsinə səbəb yaradır. “Ukraynanın Krımı geri qaytarması üçün dəstəkməsələsində ciddi perspektivlər açır. Bu proses Ukraynanın xeyrinə gedən prosesdir. Bu konfransdan sonra proseslər Ukraynanın xeyrinə dəyişəcək”.