Küveytin güneyindəki Havalli vilayətinin Səlmiyyə rayonunun incisi hesab edilən, yerli və əcnəbi turistlərin sevə-sevə gəzib-gördüyü məkan olan, xalq arasında "Qızıl Məscid" adlandırılan Bədriyyə Nasır əl-Ciyan Məscidi qədim Osmanlı memarlıq üslubunda tikilib.
Hafta.az-ın yazdığına görə, bu ilin fevral ayında istifadəyə verilən məscidin 3,6 min kvadratmetr sahəsi var. Ana qübbəsi nəhəng sütunlarla deyil, tavana bərkidilmiş kiçik dayaqlarla saxlanan daha dörd qübbə ilə bütövləşib. Beləliklə, qübbələr görənlərə sütinsuz-filansız göy üzünü xatırladır. Döşəmədən tavanadək yüksələn nəhəng pəncərələr isə günəş işığını mərkəzə toplanaraq minarələrin möhtəşəmliyini daha da artırır.
Məscidin tikintisində iştirak etmiş memar Məhəmməd İbrahim Amr deyib ki, hökumət onlardan məscidin möminlərə xidmət etməsi ilə yanaşı, həm də turistlərin gəzib-görə biləcəyi şəkildə ecazkar tikilməsini tələb etmişdi.
İstanbul başda olmaqla, Türkiyənin bütün şəhərlərində dərin memarlıq izi buraxmış Memar Sinanın layihələrinə heyran qaldığını dilə gətirən
cənab Amr bildirib ki, tikintiyə sərmayə yatıran xeyriyyəçini Osmanlı üslubunda bir məscid tikməyə inandırıb və bundan sonra sözügedən layihəni hazırlamağa başlayıb. Budur, nəticəsi hər kəsi heyran etməkdədir...
Əmr qeyd edib ki, məscid Osmanlı ilə yanaşı, həm də ərəb memarlığını özündə birləşdirir. "Türkiyədəki məscidlərə bənzəməsi üçün içərisini necə tikməli olduğumu çox düşündüm. Bu arada Ömər Faruk Çalışkan adında bir türk mühəndislə tanış oldum. Onu məscidə dəvət etdim. Daş, oyma, şüşə kimi detallar üzrə razılaşdıq. Türk və Küveyt heyətləri də razılaşmanı icra etdilər" deyən Amr, əlavə edib ki, pəncərələr rəngarəng şüşələrlə örtülüb və içinə Süleymaniyyə Camesindən örnək alaraq 2×4 ölçüsündə 6 böyük lövhə yerləşdiriblər. Eyni zamanda, minbərin sağına və soluna da lövhələr qoyulub.
Mehrabın ətrafındakı mərmərin gül bağçasını əks etdirdiyini və bura Allahın adlarının nəqş edildiyini deyən Amr, döşəməni bəzəyən bütün xalıların Türkiyədən idxal olunduğunu bildirib.
Məscidin qapısı qiymətli ağac növündən hazırlanıb və üzəri xalis sədəflə süstlənib. Qapı 400 hissənin bir-birinə mismarsız, yapışqansız - tam təbii şəkildə birləşdirilməsi nəticəsində ərsəyə gəlib. Yalnız ana qübbənin altında 116 elektrik çırağı asılıb. Üstəlik, digər qübbələr və kənar divarlar da çilçıraqlarla bəzədilib.