Laçın şəhərinin tam olaraq Azərbaycanın nəzarətinə keçdi. Ölkə ictimaiyyəti bu gün Laçınla bağlı gündəmi tutan hadisələri 44 günlük müharibənin və postmüharibə dövrünün nəticələri kimi dəyərləndirməkdədir.
Siyasi ekspert Aydın Quliyev hafta.az-a bildirib ki, Azərbaycan 10 Noyabr sənədinin Ermənistan tərəfindən icra olunması yönündə irəlilədikcə Qarabağ ərazisində qanunsuz nəzarətdə saxlanılan ərazilərin də miqyası kiçilir, ermənilər həmin əraziləri tərk edirlər.
“Heç şübhəsiz, Azərbaycan erməni vətəndaşlarını bu ərazilərdən çıxarmağa hədəflənmiş siyasət aparmır. Hələ sovet dövründə erməniəsilli vətəndaşların "Dağlıq Qarabağ"ın hüdudları çərçivəsində qalıb, öz həyatlarını, fəaliyyətlərini davam etdirmələri dövlət siyasətimizin aparıcı istiqamətlərindən biri idi. Əgər ermənilər könüllü şəkildə ərazilərimizi tərk edib gedəcəklərsə, bu da onların öz haqqıdır. Azərbaycan yaşayış yerini dəyişən ermənilərə "Qalın!" deyərək yalvarmaq fikrində deyil. Əlbəttə, 10 Noyabr sazişinin yerinə yetirilməsi, xüsusilə də sərhədlərin dəqiqləşdirilməsi, qanunsuz erməni silahlılarının ərazilərimizdən çıxarılması, Laçında yeni yolun istifadəyə verilməsi və digər müddəalar həyata keçdikcə, pozuculuqla məşğul olan ermənilərin orada qalıb yaşamaları mümkünsüz olacaq. Bu nöqteyi-nəzərdən ermənilərin Xankəndi ətrafında, xüsusilə də hələ sovet dövründə yaşamadıqları, Ermənistanın işğal dövründə zorakılıqla zəbt etdikləri ərazilərdə qalıb-yaşamaları mümkünsüzdür”.
A.Quliyev qeyd edir ki, 10 noyabrda imzalanmış sənədlər də bunu tələb edir. Onun sözlərinə görə, əgər ermənilər sovet dövründə Xocalı şəhərində yaşamırdılarsa, Xocalının sonradan orada məskunlaşdırılmış ermənilərdən təmizlənməsi də qaçılmaz olacaq.
“Bir sözlə, imzalanmış sənədlərin həyata keçirilməsi ilə Qarabağ ərazisində qanunsuz yaşayan ermənilərin çıxarılması baş verəcək. Ermənilər keçmiş Dağlıq Qarabağın hüdudları çərçivəsində harada yaşayıblarsa, o ərazilərdə də yaşaya bilərlər. Xankəndi və bir neçə kənd istisna olmaqla ermənilər bütün Qarabağı tərk edəcəklər. Xankəndidə qalan ermənilər də təbii ki, Azərbaycan qanunlarına tabe olmalıdır. Azərbaycan onlara hərbi zorakılıq göstərmək niyyətində deyil. Sadəcə 10 Noyabr sənədinin ruhu bunu tələb edir”.
A.Quliyev hesab edir ki, Laçın şəhərinin və indiyədək sülhməramlıların məsuliyyət zonasında qalan bir neçə kəndin nəhayət Azərbaycanın nəzarətinə keçməsi bu ərazilərdə dövlət bayrağımızın qaldırılması tarixi əhəmiyyətli hadisədir və 44 günlük müharibənin zəfər qələbəsinin məntiqi nəticəsidir.
“Laçının Azərbaycanın silahlı qüvvələrinin və dövlət rəhbərliyinin nəzarətinə keçməsi həm də o deməkdir ki, Azərbaycan 10 Noyabr sənədinin müddəalarını həyata keçirməkdə ardıcıldır, iddialıdır”.
A.Quliyev xatırladıb ki, Ermənistan bu sənədin icrasına qarşı müəyyən təxribatlar və maneələr törətsə də, Azərbaycan Ermənistanı bütün müddəaları icra etməyə məcbur edəcək.
“Bu gün Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsi onu ifadə edir ki, Ermənistan öz təxribatçı planlarını həyata keçirməyə müvəffəq olmayacaq. Laçında bayrağımızın dalğalanması, hüquqi, siyasi proseslərin təsbitidir. Bayrağımızın Laçında dalğalanması bu prosesin Xankəndidə, Xocalıda da davam edəcəyi günün uzaqda olmadığını göstərir. Bu hadisə sübut edir ki, müharibdənsonrakı ritorikanı Azərbaycan müəyyənləşdirir.Ona görə də Laçında Azərbaycan Bayrağının dalğalanması sonrakı mərhələdə imzalanacaq sülh sazişinin bir əlaməti kimi də qəbul edilə bilər”.